13 Yanvar 2020 17:49
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Teleqraf.com-un suallarıı cavablandırıb.

- Firdovsiyyə xanım, Azərbaycan Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinin xüsusi təntənə ilə qeyd olunması vacibliyi ilə bağlı sosial şəbəkədə çağırış etmisiniz. Açılan müzakirələrdə tarixlə bağlı müxtəlif versiyalar vardı, əvvəlcə, dəqiqləşdirək, AXC nə zaman beynəlxalq səviyyədə status aldı?

- 1920-ci il yanvarın 10-da Fransa Xarici İşlər Nazirliyində Antanta Ali Şurasının sessiyası çağırılıb və həmin sessiyanın qəbul etdiyi qətnamədə Azərbaycan və Gürcüstanın de-fakto tanınması haqqında qərar qəbul edilib. Bu, yanvarın 10-u tarixində baş verib. Yanvarın 12-də isə Böyük Britaniyanın Tiflisdə, Qafqazdakı nümayəndəsi Uordrop tanınma aktını Azərbaycan hökumətinə xəbər verib, yanvarın 14-də ölkəmizdə Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasını xüsusi təntənə ilə müşayiət olunub, parlamentin xüsusi iclası ona həsr edilib, eyni zamanda Nəsib bəy Yusifbəylinin müraciəti olub, qeyri-iş günü elan edilərək şəhər tanınma aktını böyük coşqu ilə qeyd edib.

Bu, təkcə Bakı şəhərində yox, Gəncədə və digər şəhərlərdə də qeyd olunub. Cümhuriyyətin tanınması aktı ilə əlaqədar Azərbaycan parlamentinə təbrik teleqramları ünvanlanıb, o cümlədən qardaş Gürcüstan Cümhuriyyətində də müsəlman milli şurası, azərbaycanlılar həm Gürcüstanın, həm də Azərbaycanın de-fakto tanınmasını böyük sevinclə qarşılayıblar. Bu, mühüm tarixi əhəmiyyətli hadisə idi.

Digər tərəfdən, yanvarın 15-də Əlimərdan bəy Topçubaşov müraciət edib, Azərbaycan Cümhuriyyətinin tanınması ilə bağlı Versal ali şurasının qəbul elədiyi sənədlər rəsmi olaraq sonradan təqdim olunub. Bu tanınmadan sonra Azərbaycan və Gürcüstana Antanta tərəfindən hansı köməkliyin lazım olduğuna dair xüsusi müzakirələr keçiriblər. Həmin müzakirələrdə birmənalı şəkildə hərbi ekspertlər də iştirak ediblər. Hərbi ekspertlərin qənaətinə görə, Cənubi Qafqaza olan xarici təhdidlər və təhlükələrin qarşısını almaq üçün oraya ordunun göndərilməsi vacib şərt sayılıb.

- Lakin hərbi ordunun göndərilməsi üçün müraciət olmadı...

- Nəticə etibarilə respublikaların bolşevik təcavüzündən qorunması üçün Cənubi Qafqaza ordu göndərilməsi qərarı qəbul olunmayıb, siyasi hakimiyyət bunun əleyhinə çıxıb, yalnız ərzaq və hərbi sursat göndərməklə yardım göstərilməsi qərarı verilib. Bu isə Şimaldan gələn təcavüzün qarşısını almaq üçün kifayət deyildi. Ona görə də faktiki olaraq gənc respublika olan Azərbaycan həm də həmin dövrdə məqsədli şəkildə Qarabağda törədilmiş üsyanın yatırılması üçün bütün hərbi qüvvələrini səfərbər etdiyindən 1920-ci ilin aprelində XI Sovet ordusunun hərbi müdaxiləsi qarşısında müqavimət göstərmək iqtidarında olmadı, Azərbaycan Cümhuriyyəti süqut elədi.

- Sosial şəbəkələrdə Siz də daxil olmaqla bir sıra ziyalılar gileylənir ki, bu tarix layiqincə anılmadı. Bu, nə ilə bağlıdır?

- Bu, giley məsələsi deyil. Azərbaycan dövlətçiliyi üçün olduqca strateji əhəmiyyətli akt idi. Azərbaycan adda dövlətin beynəlxalq səviyyədə tanınması aktı çox mühüm hadisə idi. İlk türk, müsəlman respublikası olaraq beynəlxalq səviyyədə status almışdı. Bu gün Azərbaycan dövlətinin beynəlxalq subyekt kimi öz iradəsini ortaya qoyması, tanınması, regionda aparıcı dövlətə çevrilməsi müstəvisində həmin aktdan Azərbaycanın beynəlxalq imicinə daha çox fayda gətirmək baxımından təbliğatımızda istifadə etməliyik.

Bunun üçün Azərbaycan Prezidentinin Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə verdiyi sərəncama əsasən bu tədbir də yüksək səviyyədə qeyd edilməlidir. Hər hadisə ilə bağlı xüsusi sərəncam gözləməyə ehtiyac yoxdur.

Onsuz da Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı sərəncam verilmişdi, Bakı Dövlət Universitetinin 100 illiyinin keçirilməsi də həmin tədbirlər sırasındandır. Ona görə də belə mühüm tarixin, Azərbaycan Cümhuriyyəti yarandığın gündən hökumətin qarşısında dayanan bir nömrəli vəzifə onun beynəlxalq səviyyədə tanınmasına nail olmaq idi.

Bu qələbəni əldə etdikdən sonra artıq beynəlxalq subyekt kimi özünü təsdiq edən Azərbaycan Cümhuriyyətinin xarici ölkələrdə diplomatik nümayəndəliklər, səfirliklər, konsulluqlar açmaq üçün əlində legitim imkanlar yarandı. Azərbaycan Cümhuriyyətinin xarici ölkələrdə diplomatik nümayəndəliklərin açılması ilə bağlı, rəsmi diplomatik əlaqələrin qurulması istiqamətində işlər başlandı. Bu cür mühüm hadisənin də 100 illiyinin qeyd olunmasına prezidentin verdiyi sərəncamın tərkib hissəsi kimi baxılmalı idi.

Hələ də o tarixin yaşandığı günlərdəyik. İstər xaricdəki diplomatik heyətlərimizdə, istərsə də Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin də iştirakı ilə belə bir möhtəşəm tarixin yad olunması zəruri və faydalıdır. Azərbaycanın dövlətçilik və milli maraqlarına xidmət edən böyük bir hadisədir.

- Bu tarixin necə qeyd olunmasını məqbul hesab edirsiniz? Deyəsən, çalışdığınız Dövlət İdarəçilik Akademiyasında Cümhuriyyətin tanınma aktı ilə bağlı tədbir keçiriləcək...

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu tarixin 100 illiyinə həsr olunmuş konfrans keçirəcək, ümumiyyətlə, tarixi hadisələr, dövlətçiliyimizlə bağlı tədbirlər mütəmadi olaraq qeyd olunur, bu tədbir də o qəbildəndir. Eyni zamanda Cümhuriyyət abidəsinin ziyarət edilməsi də həmin tədbirin planına daxildir.

Azərbaycanın Macarıstandakı səfiri, görkəmli ziyalımız Vilayət Quliyevin bu gün Azərbaycan torpaqlarının müqəddəratı ilə bağlı söz sahibi olan dövlətlərin 100 il əvvəl Azərbaycan dövlətinin müstəqilliyinin tanınması haqda verdikləri qərarların həmin dövlətlərin diqqətinə yenidən çatdırılması, onların mövqeyini təqdir etmək yönündə müraciət edilməsi, birgə tədbirlər, simpoziumlar keçirilməsi və digər diplomatik protokola uyğun ənənəvi tədbirlər, xüsusi qəbulların təşkil olunması barədə təkliflərini labüd və faydalı hesab edirəm, dəstəkləyirəm. Düşünürəm ki, hələ əlavə tədbirlər keçirmək üçün də geniş imkanlar var.

- Yeri gəlmişkən, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təkliflər son günlərdə yenidən aktuallaşıb...

- Azərbaycan Cümhuriyyətinin qurulması, onun mövcud olması, beynəlxalq səviyyədə fəaliyyətinə dəstək verilməsi, ümumiyyətlə ən çətin məqamlarda dövlətçilik mövqeyindən çıxış edən ideoloq, siyasi xadim, Azərbaycan mühacirətində Azərbaycan istiqlalı uğrunda mübarizə aparan ardıcıl mücahid kimi Rəsulzadənin ev muzeyinin yaradılması zəruridir, hətta zamanı gecikib.

Azərbaycanda ədəbi, ictimai və siyasi xadimlərin ev və xatirə muzeyləri fəaliyyət göstərir. Necə ola bilər ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi olduğunu Konstitusiyada təsbit etdiyi halda bu dövlətin qurucusu olan bir şəxsiyyətin yaşadığı, doğulduğu doğma şəhərində, Vətənində bir ev muzeyi olmasın. Ona görə də ictimaiyyətin təşəbbüsü də, istəyi də gözləniləndir, ev muzeyinin açılmasını Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirmək geniş ictimaiyyətin arzu və niyyətini reallaşdırmaq olardı.

Sosial şəbəkələrdə verilən dəstək də, əhalinin aktiviliyi də bu arzununm göstəricisidir. Hesab edirəm ki, yaxın vaxtlarda Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin açılmasının şahidi olacağıq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər