Yeni Azərbaycan Partiyasının (YAP) üzvünün namizədliyi qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınmayan Topçuyev Azər Yusif oğlu MSK-ya müraciət edib.
Onun müraciəti haqqında MSK üzvü Tofiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, A.Topçuyev müraciətində qeyd edib ki, dairə seçki komissiyasına inanmır və ona görə də sənədlərini təqdim etməyib:
“O bildirib ki, sənədlərini valideynlərinin iştiarkı ilə DSK-ya təqdim etmək istəyir. Lakin valideynləri gəlsə də yenə də sənədlərini təqdim etməyib. Belə olan halda isə onun namizədliyi qeydə alınmayıb. Amma o, sonradan MSK-ya namizədliyinin qeydə alınmaması barədə şikayət edib. MSK həmin şikayəti araşdırıb”.
Məsələ bu gün MSK-nın iclasında müzakirəyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb. Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən YAP üzvü Topçuyev Azər Yusif oğlu 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmayıb./Report/