Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında çıxış edən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, seçki prosesi ədalətli, qərəzsiz və balanslı olmalıdır.
Teleqraf.com xəbər verir ki, o, jurnalistlərin peşə davranışı qaydalarında seçkini işıqlandırmağın ayrıca bənd kimi göstərilmədiyini deyib. Qeyd edib ki, bu məsələdə gender bərabərliyinin də xüsusi rolu var:
“Seçki prosesi zamanı namizədlərin kişi olması qabardılmır, ancaq qadınlar seçkiyə qatılanda, bu, xüsusi qabardılır. Avropa Şurasının bununla bağlı tövsiyəsi var. Bu məsələdə gender bərabərsizliyinə yol verilməməsi vacibdir.
Bugünkü sessiyamız 3 əsas mərhələdən ibarət olacaq. MSK üzvü Qabil Orucov bizə Azərbaycan qanunvericiliyi barədə məlumat verəcək. Daha sonra digər çıxışlar dinləniləcək”.