"20 Yanvar hadisələrindən bir neçə ay sonra Mixail Qorbaçov Nobel mükafatına layiq görülüb. 20 yanvar qanlı hadisələrin keçirilməsinə qərar verən şəxsin belə yüksək mükafata layiq görülməsi təzadlıdır”.
Teleqraf.com Reporta istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
“Hesab edirik ki, Nobel mükafatınının verilməsi üzrə təşkilat komitəsi bu qərarı yenidən nəzərdən keçirməlidir. Həmçinin o zaman başlayan istintaqın məntiqi nəticəyə çatdırılmaması da təəssüf doğurur. O zaman bu qanlı hadisələrin günahkarlarını müəyyən etmək, onları cəzalandırmaq olardı. Bu baxımdan lazımlı addımların atılması və müraciətlərin edilməsi üzrə səylərin davam etməsi çox vacibdir”, - o bildirib.
O, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın bu hadisələrin qurbanlarını “ekstremistlər” adlandırmasına toxunub: “Bu, absurdluğun tam bir sübutudur. Soljenitsını faşistlərin havadarı olan Qaregin Njde ilə müqayisə edən şəxsdən nə gözləmək olar ki?!”