“Gələn ay Azərbaycanın işğal olunmuş ərazilərində qondarma parlament və prezident seçkiləri keçiriləcək. Bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və Ermənistan bu qondrama qurumu müstəqil tərəf kimi tanıtmağa nail ola bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Qarabağda keçirilən “seçkilər” Ermənistanın daxili siyasətinə ciddi təsir edir:
“Bu proses “Qarabağ klanı” və Nikol Paşinyan arasındakı savaşın kulminsasiya mərhələsi olacaq. Hesab edirəm ki, Serj Sərkisyan və Vitali Balasanyan işğal bölgəsində Paşinyana qarşı siaysi cəbhə formalaşdırıb “hakimiyyəti” öz əllərində saxlamağa cəhd edəcək. Həbsdə olan Robert Köçəryan da bu prosesə dəstək verir. O da Balasanyanın qələbə qazanmasında maraqlıdır.
Artıq Ermənistanda Paşinyana qarşı siyasi ittifaq qurulur. Çiçəklənən Ermənistan partiyasının lideri Qagik Çarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Paşinyna qarşı anlaşma əldə edib. Vanetsyan Kremlin adamıdır və bu ittifaqa eks-baş nazir Karen Karapetyanın da qoşulacağı gözlənilir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, 2020-ci il Ermənistan baş naziri üçün təlatümlü keçəcək:
“Əgər Paşinyan separatçı rejimin başına öz adamını gətirə bilməsə, “Qarabağ klanı” öz əlini gücləndirmək üçün fürsət əldə edəcək, onu hakimiyyətdən uzaqlaşdırmaq istiqamətində aparılan işi genişləndirəcək. “Qarabağ klanı”nın Paşinyanın düşməni Vanetsyan-Çarukyan bloku ilə birləşməsi ehtimalı da gündəmdədir”.