MSK-nın bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Elgiz Qəhrəmanın namizədliyinin qeydə alınmasından imtinaya dair sözügedən DSK-nın qərarından verdiyi şikayətə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazov məlumat verib. O qeyd edib ki, DSK öz qərarını namizədliyi irəli sürülən şəxsin 44 sot torpaq sahəsinə malik olmasına baxmayaraq, bunu müvafiq arayışda əks etdirmədiyi ilə əsaslandırıb:
“Ərizəçi bu barədə bilgisiz olduğu üçün torpaq sahəsini arayışda əks etdirmədiyini deyib”.
İlkin Şahbazov qərarın dəyişdirilmədən saxlanılmasını təklif edib.
MSK katibi Mikayıl Rəhimov əksər şikayətlərin bu xarakterdə olmasının narahatlıq yaratdığını bildirib. O qeyd edib ki, bununla bağlı rəsmi dövlət qəzetində və telekanalların birində maarifləndirici xarakterli veriliş aparılıb.
İclasda iştirak edən Elgiz Qəhrəman bələdiyyə seçkilərində də namizəd olduğunu deyib:
“Bu barədə mənə məlumat verilməyib. Əgər verilsəydi, aradan qaldırardıq. Seçki Məcəlləsində səhvi aradan qaldırmaq üçün 48 saat vaxt verilməsi nəzərdə tutulub. Ancaq mənə bu barədə məlumat verilməyib”.
MSK sədri Məzahir Pənahov deyib ki, DSK şübhələndiyi məsələlərlə bağlı vaxt verir:
“Komissiya hardan bilsin ki, sizin hansı əmlakınız var, onu qeyd etməmisiz. Siz özünüz öz əmlakınız barədə xəbərsizsiniz, DSK haradan bilsin?! Biz istəsək də namizədliyi qeydə ala bilmirik”.
MSK sədri bu istiqamətdə olan şikayətlərin təsadüfi xarakter daşımadığını bildirib. Müzakirədən sonra DSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.