23 Yanvar 2020 17:29
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.

Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.

Elmar Məmmədyarov məktubunda ötən 25 il ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr də daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu bildirib. Qeyd olunub ki, 2014-cü ildən etibarən Uruqvayda Azərbaycanın daimi diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi ikitərəfli münasibətlərin daha da inkişafına yardım edib. E.Məmmədyarov Azərbaycanda da Uruqvayın diplomatik nümayəndəliyinin təsis olunmasının müxtəlif sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın daha çox inkişafına təkan verə biləcəyini vurğulayıb.

Təbrik məktubunda Uruqvay XİN-in Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 26 aprel 2019-cu il bəyanatında əks olunmuş mövqeyi yüksək qiymətləndirilib.

Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa azərbaycanlı həmkarına ünvanladığı məktubda qeyd edib ki, hazırki mərhələdə iki ölkə arasında ikitərəfli münasibətlər yüksək səviyyədə davam etməkdədir. Ölkələr arasında mövcud olan münasibətlər xalqlar arasında ortaq dəyər və prinsiplərə əsaslanan və inkişaf edən dostluğu, eyni zamanda gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrimizi dərinləşdirmək üçün açılacaq imkanları nümayiş etdirir.

Rodolfo Nin Novoa, həmçinin, qeyd edib ki, Azərbaycan Uruqvayın bundan sonra da iki xalqın rifahı naminə konstruktiv, praqmatik və məsuliyyətli fəaliyyətin davam etdirilməsi yoluna sadiq qalacağına əmin ola bilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər