Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş yanvarın 29-30-da Cenevrədə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
“Bildiyiniz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov daha əvvəl yanvarın sonunda erməni həmkarı ilə görüşün keçiriləcəyini bildirmişdi. Bununla əlaqədar yayılan məlumatları təsdiqləyərək bildirirəm ki, 29-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşü keçiriəcək”, – deyə L.Abdullayeva bildirib.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Z.Mnatsakanyanın yanvarın 29-30-da Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və onların vasitəçiliyi və iştirakı ilə Azərbaycan Xarici İşlər naziri ilə görüş keçirəcəyini təsdiqləyib. “Qarabağ nizamlanması ilə bağlı geniş məsələlərə toxunulacaq”, – deyə A.Nağdalyan “Feysbuk”da yazıb.