28 Yanvar 2020 14:15
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədidən, bəzi mafiyalardan, dairəyə aidiyyatı olmayan yataqxanalaradan muzdlu "seçici" toplamırıq, partiyalı və ştatlı əl çalanlar gəzdirmirik. Problem və qayğı içində olan seçiciləri binalarının önünə dəvət edib, onlarla sakit və səmimi söhbət aparırıq. Adamlar hansı gününə əl çalsın ki... Məni o zaman alqışlayırlar ki, ürəklərinə su səpirəm, hansısa məsələlərini saytlarda, Youtubedə aktuallaşdırıram. Qaldırdığımız problemlər həll olunur...

Qərargahımıza hər gün onlarla seçici gəlir, problemi, dərdi, düşüncəsi ilə. Dinləyirik, məsələləri gündəmə çıxardırıq, səmimi münasibət qururuq, dostlaşırıq. Mənimlə yeni görüş yerlərinə gedənlər belə mənim qərargahıma könüllü daxil olan seçicilərimdir! Bir zamanlar şikayətə gəlmişdilər, iki-üç günə aktiv təbliğatçılarım oldular. Onlar mənim yalnız sözümə deyil, qələbəmə də inananlardır! Onlar artıq əmindirlər ki, biz 5 il bərabər olacağıq. Onlar indidən gələcək deputatları ilə təmas qurduqlarının, birgə fəaliyyət göstərdiklərinin fərqindədirlər. Və bunun fərqində olanlar hər gün sürətlə çoxalır! Bu həftənin sonunda biz bütün dairədə bu fikrin hakim olacağını görəcəyik!

Cəmi bir dəfə nümayiş xarakterli açıq hava görüşü həyata keçirtdik. 26 yanvar, 2020 tarixində. Heç çəkinmədən, Feysbuk və mətbuat üzərindən dostlarıma müraciət etdim. Gəlin, iştirak edin, Xətai seçiciləri görsünlər ki, məni seçməklə, necə böyük bir dost çevrəsi qazanacaqlar! Sağ olsunlar, çoxlu dostlarım çağırışımı qəbul etdilər. Kimisi ailəsi ilə, kimisi çevrəsi ilə bu tədbirə qatıldı. 265 saylı məktəbin stadionu seçki tarixində görünməyən bir izdihama səhnə oldu. Təvazökar hesablamalara görə, meydanda 2000-dən yuxarı, ya da o civarda insan vardı. Təbii ki, onların hamısı 35 saylı Xətai 3-cü seçki dairəsindən olan seçicilər deyildi! Bunu dəfələrlə yazdıq, dedik. Amma gələnlərin hamısı SEÇİCİ idi! Azərbaycan seçicisi! Deputatı bir dairənin seçiciləri seçər, amma o, bütün Azərbaycanın millət vəkili olar! Qanunvericiliyimizdə də belədir! 125 deputatın hər biri bütün Azərbaycanı təmsil edər. Bu baxımdan, oraya mənim və vəkillərimin çağırışı ilə şəhərin müxtəlif yerlırindən gələn vətəndaşlarımız da düz ünvana gəlmişdilər! Doğru etmişdilər! Seçim etmişdilər! Vətəndaşlar nə etsinlər ki, seçki kampaniyası hələlik bir dairədə qızğın və maraqlı gedir. O da, təvazökarlıqdan uzaq da olsa, deyəcəm, mənim sayəmdədir. Mən bu dairəyə deyil, başqa dairəyə getsəydim, aşağı-yuxarı, yenə də belə olacaqdı! İndi hamının gözü, qulağı onsuz da bu dairədədir. Düz də edirlər, diqqətlə izləyir, bəzən də münasibət bildirirlər. Necə olur ki, azərbaycanlılar İstanbuldakı bələdiyyə seçkisi ilə, onun gedişatı ilə maraqlanır, oraya odaqlanır, amma Bakıda, Xətaidə gedən gerçək seçki yarışına həvəs göstərəndə, bu, yolverilməz olur? Bizə hər gün qərargahımıza da dairədən olmayan vətəndaşlarımız gəlirlər. Eyni proses yəqin ki, mənim əsas rəqibimin qərargahında da baş verir.

Biz kimsəyi qaralamırıq. Rəqibimizin haqqında yazırıqsa, konkret əməllərindən yazırıq. Qusarlı Rauf Abbasov əməliyyatından, bunun bir siyasi liderə yaraşmamasından, bu addımın Xətai seçicilərinə hörmətsizlik olmasından, bunu etməyin ayıb sayılmasından açıq şəkildə, ünvanlı bəhs edirik. Kimsənin tədbirinə təxribatçı göndərib, ona qarşı tərbiyəsizlik etmirik. Yalançı namizədlərlə əsas rəqibimizə qarşı hücum və təhqir kampaniyası aparmırıq. Tənqid ediriksə, faktoloji tənqid edirik! Buna da məcbur qalanda.

"Qara piar'' seçki kampaniyasının əsas elementidir. Bunsuz seçki olmaz, dünyanın hər yerində, harada seçki keçirilirsə, orada bu element vardır. Hətta ABŞ prezidentinə qarşı da bu proses bütün şiddəti ilə müşahidə olunub. O baxımdan, şəxsimə qarşı aparılan və sabiq dostum tərəfindən idarə olunan "qara piar''a da dözümlü yanaşıram, şəxsi alqılamıram. Üstəlik, bilirəm ki, belə bir proses bahalı işdir, bunu da o adama qarşı aparırlar ki, həmin rəqib səndən daha güclüdür. Ehtiyac yaranır ki, o gücü "qara piar"la ya azltsınlar, ya da sıfırlasınlar. İndi mənim əsas rəqibim özünün seçki kampaniyası ilə bərabər, mənim apardığım kampaniyanı da gözdən salmaq üçün ən yolverilməz, ən çirkli, ən aşağı texnologiyalardan istifadə edir. Məqsəd mənim ondan üstün olan gücümü kiçiltmək, zədələməkdir.

Biz hələ ki, belə bir çirkli texnologiyaya bulaşmadıq. İnşallah, bulaşmayacağıq da. (Mən həm də bunu o Adama qarşı qıymaram. Səbəbləri məndə qalsın...). Lakin üstümüzə atılan çirkləri də çırpmaq zorundayıq...

Bizə qarşı gizli çəkilən, hansısa sürücünün açıqlamasını istifadə edirlər. Orada deyilir ki, həmin sürücü ''Xəmsə'' restoranının işçilərini meydana daşıyıb. Bununla da mənim 26 yanvarda keçirtdiyim möhtəşəm, coşqulu və Azərbaycanın seçki tarixində görünməmiş görüşə kölgə salmağa çalışırlar.

Cavab verirəm: ''Xəmsə'' restoranının sahibi mənim dostum, seçki qərargahımın üzvü, vəkilim olmaq üçün ərizə vermiş vətəndaşımdır. Şirkətində 18 nəfər seçicim çalışır. Onların çoxunu şəxsən tanıyıram və ikisi də bizim seçki qərargahımızda 1 aydlır ki, bizlərə yardım edirlər. Rza və Elşən qardaşları. Həmin gün seçki qərargahımın üzvü, dostum Mürvət bəy seçicilərim olan işçilərinə şərait yaradıb ki, əraziyə gəlib, namizədlərini dinləsinlər. Burada qəbahət nə var ki?

İddia edirlər ki, həmin gün rayon rəhbərliyi mənim görüşümə dəstək verib, insanları 265 saylı məktəbə yönləndirib.

Cavab verirəm: Elə bir şey ediblərsə, sağ olsunlar, seçicilərimlə görüşüməyimə imkan yaradıblar. Lakin mən bu dəstəyi hiss etməmişəm, görməmişəm. Əks halda, niyə ''Xəmsə'' sahibinə, digər dostlarıma müraciət edirdim ki? Başqa iş sahiblərinə də, kimlərlə ki, dostam, yaxınam, indi də müraciət edirəm. Onlarda seçicilərim, bizim ərazinin sakinləri işləyirlərsə, lütfən mənimlə onların əlaqəsini yaratsınlar. Mən istənilən bir sadə vətandaşla cəmisi 10 dəqiqə ərzində söhbət edəndə, onun inandıra, tərəfimə çəkə bilirəm. Bunu hər kəs bilir.

İddia edirlər ki, insanları oraya maşınlar, avtobuslar daşıyıb.

Cavab verirəm: tamamilə doğrudur. Qonaqlar at arabasında yox, öz maşınlarında gəliblər. Nisbətən kənar küçələrdə yaşayan seçicilərim də. Seçki qərargahım və mənə dəstək verən dostlarım iki avtobus Naximovdakı, bir avtobus Əbilovdakı tərəfdar seçicilərimi daşımaq üçün təşkil ediblər. Çünki açıq hava görüşü İnqilab İsmayılov küçəsində olsa da (bu yeri özümüz seçməmişik, DSK bizə ayırıb), onun formatı bütün dairə seçiciləri, həm də elə bütün Azərbaycan üçün idi. Hətta Naximovdan gələn seçicilərim avtobusun içindən canlı yayın da etmişdi. Bunu da dərhal sosial mediada yayınladıq.

Görüntünün olası içeriği: 10 kişi

Biz üstünlüyümüzü vicdanlı, şəffaf kampaniya ilə qoruyuruq. Qarşı tərəf fırıldaq, təxribat, qarayaxma, gizli səsyazma və sair əməllərlə üstümüzə gəlir.

Onların oyun qaydaları ilə oynamayacağıq! Onlar kimi pisliyə bulaşmayacağıq. Uduzduqlarını bilirlər, məhz ona görə də bu dərəcədə dəliyə, çılğına dönüblər. Amma keçəcək! 5 min səs fərqi ilə rəqibimi qutuda qoyandan sonra hamısı dərhal keçəcək.

P.S. Cavablarıma dair bütün detallar sənədlərlə təsdiq olunur və yayınlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər