29 Yanvar 2020 11:22
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trampın Yaxın Şərqlə bağlı planı bölgəyə sülh, yoxsa müharibə gətirəcək? İndiki situasiyada buna cavab vermək çox çətindir. Lakin bu plan çərçivəsində Fələstin torpaqlarının İsrailə verilməsinin nəzərə alınması, 70 ildir dövlət ola bilməyən fələstinlilərə nəzəri olaraq dövlətin qurulacağı və maddi vədlərin verilməsi bu bölgədə hələlik sabitliyin olmayacağını göstərir”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, Trampın son planı ABŞ-ın bölgədə sabitliyin bərqərar olmasına çalışmadığını göstərir: “Əksinə bu, İsrailin öz ərzilərini genişləndirməsinə şərait yaratmağa, ABŞ-ın Yaxın Şərqin enerji resurslarına sahib olmağa və bölgədə söz sahibinə çevrilən Türkiyənin qarşısının alınmasına yönəlib. Ərəb Liqasının bu məsələdə ABŞ-a dəstək verməsi isə bölgədəki müsəlman dövlətləri arasında ziddiyyətli münasibətlərin olmasının göstəricisidir.

Hesab edirəm ki, Fələstin son gəlişmələr daxilində təklənib, bu ölkənin yeganə dəstəkçisi isə yenə də Türkiyədir.

ABŞ hələ 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanımaqla və İsraildəki səfirliyini bura köçürməklə bu plan çərçivəsində ilk həmləsini etmişdi.

Demək olar ki, 2016-cı il seçkilərindən əvvəl Tramp verdiyi vədə əməl etməyə başlayıb. Bu, Trampın yəhudi lobbisi və onu dəstəkləyən yevangelistlərə verdiyi vədlər idi. Çünki Tramp bu vədləri yerinə yetirməsə ağır zərbə alacağını, hələ də gündəmdə olan impiçmentin baş tuta biləcəyini, habelə ikinci dəfə seçilməsinə əngəllərin olacağını nəzərə alır. Buna görə də, Tramp vədlərini tez bir zamanda həyata keçirmək niyyətindədir. Burada isə yenə bir müsəlman dövləti – Fələstin qurban veriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər