Parlament seçkilərində iştirak etmək istəyən şəxslərin böyük əksəriyyətinin namizədliyi qeydə alınıb.
Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralin 9-da keçiriləcək parlament seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatında bildirilib.
ATƏT-in rəsmi saytında yerləşdirilən sənəddə vurğulanıb ki, parlamentə üzv olmaq hüququ, ikili vətəndaşlıq və ya digər dövlətlər qarşısında öhdəlikləri olmayan və ağır cinayətə görə əvvəlcədən məhkum edilməyən və seçici olmaq hüququna malik şəxslərə verilir: "Namizədlər, öz namizədliyini özü verə və ya qeydə alınmış siyasi partiya, partiyalar koalisiyası və ya bir qrup seçici tərəfindən irəli sürülə bilər.
Namizəd olmaq üçün hər bir namizəd öz bildirişlərini və namizədlik sənədlərini DSK-ya təqdim etməlidir. Bundan əlavə, irəli sürülən namizədlər, ən azı 450 seçicinin imzası olan imza vərəqələrini, gəlir və əmlakları haqqında bəyannamələr və seçki kampaniyalarına dair ilk maliyyə hesabatlarını müvafiq DSK-lara təqdim etməlidirlər.
Namizədlərin irəli sürülməsi və qeydiyyata alınması ilə əlaqədar bu seçkilər üçün MSK üç təlimat, habelə qanuni tələblərə əlavə qaydalar qəbul edib.
Namizədlərin qeydiyyata alınmasının iki mərhələli prosesi DSK-lar tərəfindən Mərkəzi Seçki Komissiyasının iştirakı ilə həyata keçirilib. Namizədliyini 10 yanvar tarixinədək DSK-ya təqdim etmiş namizədlərin qeydiyyatı 17 yanvar tarixində başa çatıb. Namizədlik statusu müraciət edənlərin böyük əksəriyyətinə verilib.
Ümumiyyətlə 1,637 nəfər qeydiyyata alınıb, onlardan da 83 faizi (1,357) öz namizədliyini irəli sürlən şəxslərdir. On doqquz siyasi partiya tərəfindən 272 şəxsin namizədliyi irəli sürülüb ki, bunların arasında ən çox yeri YAP (122), ardınca Müsavat (25) və Ümid (21) partiyaları alıb.
80 sabiq millət vəkili və ya son parlament üzvlərinin 64 faizi yenidən seçilmək istəyir.
DTİHB SMM-nin baş çəkdiyi 89 DSK-ya əsasən, namizədlərin qeydə alınmaması əsasən aşağıdakı səbəblərlə bağlı idi: sənədlərin, xüsusən əmlak və gəlir bəyannamələrinin natamamlığı və müddətlərə əməl olunmaması. 24 yanvar tarixindən etibarən MSK, qeydiyyatı ilə bağlı DSK qərarlarından verilmiş 35 namizədin şikayətini qəbul edib və barələrində qərar verib.
Namizədliyi irəli sürülən şəxslərin və onların nümayəndələrinin DSK-larda namizədliklərinin qeydiyyatı müzakirə olunduğu və qərar verildiyi iclaslara dəvət olunması müsbət haldır. Bununla birlikdə, DTİHB SMM-nin ziyarət etdiyi DSK-ların məlumatına əsasən, imzaların mübahisəli olduğu hallarda DSK-ların kiçik bir qismi ekspert rəyi üçün müraciət edib. Mülkiyyət və ya gəlir bəyannamələrinin təqdim edilmədiyi hallarda namizədlərə çatışmayan sənədləri təqdim etmək imkanı verilib.
Qeydə alınan namizədlərin təxmini 22 faizi qadınlardır. Qadınların namizədliklərini irəli sürmək üçün heç bir qanuni tələb yoxdur. 24 yanvar tarixinə 239 namizəd qeydə alındıqdan sonra namizədliyini geri götürüb. Geri götürmələrin əksəriyyəti dövlət sektorunda çalışan və namizədliyi özü tərəfindən irəli sürülən namizədlərdir. Qanunla namizədlər seçki gününə 10 gün qalmış namizədliyi geri götürə bilərlər"./Report/