1 Fevral 2020 14:52
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkiləri bir sıra yeniliklərlə müşayiət olundu və olunur. Bunlar haqqında yaxın 6 ay ərzində çox bəhs olunacaq. Lakin elə indidən bəzi göz önündə olan transformasiyalardan danışmaq olar.

Mətbuatda və sosial mediada belə şeylərə “maskaların cırılması”, “iç üzünün ifşası” deyirlər, amma biz kəskin ifadələrdən yayınaraq, baş verənlərə təhlilçi gözü ilə baxaq.

Bir çox müşahidəçilər Rauf Arifoğlunun apardığı qaynar, kreativ seçki kampaniyasına görə onu növbədənkənar parlament seçkilərinin sürpriz namizədi hesab edirlər və xeyli dərəcədə haqlı görünürlər. Doğrudan da jurnalist həmkarımız tərkib etibarilə zəngin komanda (iş adamları, texnoloqlar, populyar isimlər, sabiq məmurlar, enerjili və kommunikativ gənclər) yaradaraq, geniş miqyaslı və hərtərəfli təbliğat işləri apatmaqdadır. Buraya yeni kommunikasiya vasitələrinin, müasir texnologiyaların verdiyi imkanlardan maksimum istifadəni də əlavə etmək olar.

Lakin bizə görə, builki seçkilərdə onun rəqibi İqbal Ağazadə öz personasını xalqa daha aydın cizgilərlə göstərməkdədir. Onun əl atdığı fəndlər, davranışlar, verdiyi bəyanatlar bu şəxsin əsl simasını açır və seçkidən sonra bu barədə daha çox danışılacaq.

Özünü müxalifət adlandıran heç bir partiya, heç bir siyasətçi indiyədək İqbal Ağazadənin seçki texnologiyasından istifadə etməyib. Bu, bir ilkdir. “İstifadə etməyib” sözü bəziləri üçün bir az tərif kimi çıxa bilər. Əslində müxalifət düşərgəsində də seçilmək, mandat əldə etmək, qabağa çıxmaq fikrində olan, bundan ötrü hər yola, hətta onun axırıncısına da qədəm basmaq düşüncəsi daşıyan adamlar var, amma onların əlində müvafiq imkanlar yoxdur.

İqbal Ağazadədə isə o imkanlar da, o düşüncə də var imiş. Onun gerçək mahiyyəti bu seçkilərdə üzə çıxdı və bu, xeyli adam üçün doğrudan da sürpriz oldu. Ona qədər bir çoxları Ümid Partiyası sədrinin mütəhərrik təbiətə, sürüşkən mövqeyə malik olduğunu bilsə də, həlledici anlarda cəsarət göstərməsini, müdafiəyə ehtiyacı olana qahmar çıxmasını qeyd edir, ona münasibətdə haçalı qənaətə gəlirdilər.

Bu seçkilərdə isə məlum oldu ki, o, indiyədək öz rəqiblərini inzibati resurslarla bloklayan, küncə qısnayan, diskreditasiya edən, onları şər-böhtana məruz qoyan qüvvələrdən daha artıq potensiala və vərdişlərə malikdir. Heç kim gözləmirdi ki, Qusar rayonundan olan Rauf Abbasov adlı bədbəxt, xəstə bir adamın gətirilib 35 saylı Xətai III seçki dairəsindən namizəd edilməsi olayının arxasından İqbal Ağazadə çıxacaq. Rauf Arifoğlu ilə eyni ad-soyadı daşıyan həmiş şəxsin namizəd edilməsində məqsəd onlarının adının seçki bülletenində yanaşı olması və bununla bəzi seçicilərin çaşqınlığına şərait yaradılmasıydı. Əvvəlcə İqbal Ağazadə bu hadisədə rolunun olduğunu dandı, sonra fakt qarşısında qalaraq etiraf etdi, hətta özünü sındırmayaraq, yaxşı elədiyini bildirdi. Bundan sonra onun mətbuat qarşısına çıxıb ədalətli, halal, dürüst seçkidən danışmağa dili olmamalıydı, amma hələ də səsinin gur yerinə salaraq danışmaqda, öz gücündən, tərəfdarlar ordusundan bəhs etməkdədir. Güclü olan namizəd də rəqibindən 150-200 səs “oğurlatmaq” üçün o yollarla girərmi?

Daha sonra öyrədilmiş qadınların seçki təbliğatı aparan namizədin görüşlərində təxribat törətməsi hadisələri baş verdi. Onların şəkilləri, videoları çəkilib-yayıldı. İqbal Ağazadə yenə də açıqlama verərək, bu hadisələrdən xəbəri olmadığını iddia etdi, bəlağətli şəkildə öz etdiyi hərəkətlərə “imza qoyduğunu” bildirdi. Yenə də araşdırıldı, axtarıldı və təxribatçı qadınların arxasından da İqbal Ağazadə çıxdı. Elə bir situasiya yarandı ki, o, “onlar mənim partiyamın üzvləridir” deməyə məcbur oldu. Beləliklə, bilindi ki, təxribatçı qadınların “aksiya”sının ssenarisi də, rejissurası da, hətta kastinqi də məhz İqbal Ağazadəyə məxsusdur.

Başqa faktlar da var. O, hər dəfə ifşa olunanda “Rauf Arifoğluya icra hakimiyyəti, bələdiyyə kömək edir, bizə isə mane olurlar” deyə açıqlama verir. Ancaq neytral adamların apardığı müşahidələr də göstərir ki, ortada hər hansı bir kömək, yardım yoxdur. Bəzi seçki dairələrində müşahidə olunan “inzibati resurslar amili” (namizədin görüşlərinə büdcə təşkilatlarında çalışan adamların gətirilməsi) 35 saylı dairədə mövcud deyil. Burada namizədlərin görüşləri öz tərəfdarlar korpusunun vasitəsilə ilə təşkil olunur, seçicilər görüşlərə, toplantılara könüllü şəkildə gəlirlər, ya da seçki qərargahının üzvlərini yardımı ilə uzaqda yerləşən yaşayış massivlərindən gətirilirlər. İqbal Ağazadə isə israrla Xətainin yeni təyin edilmiş İH başçısını şantaj edir, onu bezikdirməyə, seçki prosesinə kölgə salmağa, su bulandırmağa çalışır.

Bütün bunlar göz önündədir, 35 saylı seçki dairəsində baş verən hadisələrə dair yazıları oxuduqca, şəkillərə, videomateriallara baxdıqca çılpaq şəkildə ortaya çıxan həqiqəti görmək olur.

Bununla belə, bəzi qüvvələr artıq İqbal Ağazadəni az qala “ana müxalifət lideri”, “mübariz siyasətçi” kimi qələmə verməyə çalışırlar. Onların “əqidəli müxalifətçi” adlandırdığı adam 3 dəfə məhz inzibati resurslar hesabına parlamentə düşüb – həm də o halda ki, ölkənin ən prinsipial, ən əqidəli, ən dürüst siyasi xadimləri parlamentin astanasına belə buraxılmırdılar. Onlar kənarda qaldıqları vaxtda Ağazadə hakimiyyət komandasında olan himayədarlarının vasitəsilə deputat mandatına malik olub. Əqidəli müxalifətçilər maddi sıxıntı içində olduqları halda İqbal Ağazadənin əli milyonlarla oynayıb. Ölkədə “oliqarx müxalifətçi” adlandırıla biləcək iki siyasətçi varsa, biri məhz İqbal Ağazadədir.

İndi belə bir adam öz rəqiblərini şərləyir, hətta emosiyaya qapılaraq müqavimət göstərəcəyini bəyan edir. Bu, o deməkdir ki, seçkinin nəticələri onun xeyrinə olmasa, o seçki məntəqələrində dava saldıracaq.

Siyasətə, seçki prosesina iyrənclik gətirən belə adamlardan yaxa qurtarmaq lazımdır. Adamlar belələrini yaxşı tanımalıdırlar. Çirkin oyunlarla mayasına haram qatılmış mandat əldə edənlər heç vaxt xalqla dürüst ola bilməzlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər