Adana sazişinin pozulmasını qınayırıq. Türkiyə razılaşmaya əməl etmir. Anlaşma Suriya torpaqlarına bu şəkildə müdaxilə hüququ tanımır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad deyib.
Suriyalı diplomat Türkiyənin Suriya ərazilərindəki fəaliyyəti haqqında danışarkən bildirib ki, xalqı yerindən etmək, türk bayraqları asmaq, türk məktəbləri açmaq kimi sui-istifadə hallarına icazə verilmir:
“Bu kimi tədbirlər Türkiyənin elan etdiyi məqsədlərə ziddir”.
Feysal Mikdad qeyd edib ki, Suriyanı işğal etmək, onu müstəmləkə halına gətirmək və daxili işlərinə qarışmaq Astana və Soçi anlaşmalarının pozulması deməkdir:
“İdlibdə olan silahlı qruplar Ankara ilə koordinasiya içindədir. Türkiyənin özünə təsir edəcək tədbirlərdən imtina etməsi lazımdır”.
Məlumat üçün bildirək ki, ötən gün Bəşər Əsədə bağlı qüvvələr Türkiyənin İdlib istiqamətindəki nəzarət patrul postlarından birini artilleriya atəşinə tutub. Nəticədə 6 türk əsgəri şəhid olub.
Buna qarşılıq olaraq, Türk Silahlı Qüvvələri Bəşər Əsəd ordusuna havadan və qurudan zərbələr endirib. Nəticədə 50-dən çox Əsəd əsgəri öldürülüb.