4 Fevral 2020 18:38
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans bir daha göstərdi ki, dövlət başçısı son vaxtlar daha çox problemli məsələlərə toxunur və həm ictimaiyyətin, həm də məmurların diqqətini konkret problemlərə yönəldir. Bu da onunla bağlıdır ki, sosial-iqtisadi dinamikanın, gedən proseslərin artması üçün inzibati amil kifayət etmir.

Bunu Teleqraf.com-a açıqlamasında “Cənubi Qafqaz” Politoloqların Diskussiya Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, aşağıdan da təşəbbüs lazımdır:

“Belə deyək ki, cənab prezidentin təşəbbüslərinə aşağıdan dəstək verilməlidir. Bu dəstək ilk növbədə sahibkarlardan gəlməlidir. Müxtəlif tapşırıqlar verilir, planlar irəli sürülür, amma onların yerinə yetirilməsində bəzi hallarda problemlər müşahidə olunur. Bu problemlərdən də açıq danışıldı. Hansı strukturlar əngəllər yaradır, bu əngəllər nədən ibarətdir və sair. Müşahidələr göstərir ki, dövlət başçısı xarici investorları Azərbaycana cəlb etməyə çalışır.

Amma xarici investorlar gələndə müəyyən çətinliklərlə ( xüsusilə də qeyri-neft sektorunda və regionlarda ) rastlaşırlar. Bu problemləri aradan qaldırmaq, ümumiyyətlə yaxşı mühit yaratmaq üçün əlbəttə ilk növbədə yerli icra orqanlarının nümayəndələri səylər göstərməlidir. Burada həmahənglikdən söhbət gedir. Yəni, hər iki tərəf - yerli icra qurumları ilə sahibkarlar tərəfdaşlar kimi çıxış etməli, problemləri birgə həll etməlidirlər. Xüsusi olaraq son vaxtlar pambıqçılığın, üzümçülüyün, tərəvəzçiliyin inkişafından söhbət gedir. Dövlət başçısı tərəfindən konkret tapşırıqlar verilir. Bu tapşırıqları sahibkarlar yerinə yetirir. Ancaq sahibkarlarla dövlət strukturları arasında dialoqda problemlər yaranırsa, bu, heç vaxt yaxşı nəticələr verməyəcək”.

İlqar Vəlizadə qeyd edib ki, konfransda da bu məsələyə toxunuldu və konkret problemlər göstərildi:

“Hətta, prezident bir neçə dəfə vurğuladı ki, burada açıq söhbət olmalıdır. Hamı bilir ki, problemlər nədən ibarətdir və qoyulan hansısa tapşırıq niyə yerinə yetirilməyib. Konfrans göstərdi ki, bir məqsəd var. Bu məqsəd də ondan ibarətdir ki, yerlərdə həm yaşamaq, həm də işləmək üçün yaxşı şərait olmalıdır. Düşünürəm ki, konfrans bu məqsədə aparan yolda mühüm bir mərhələ olacaq”.

Qeyd edək ki, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib. Dövlət başçısı konfransda giriş və yekun nitqi söyləyib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər