5 Fevral 2020 16:35
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclasında fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə məsələsi müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, məsələ barədə məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, ölkədə keçirilən seçkilərdə şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri də uğurla tətbiq edilir və bu da seçkilərlə bağlı bütün prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, azad və maneəsiz müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına imkan verir. Azərbaycan müşahidəçilərin sərbəst fəaliyyəti üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər:
“Bu il də parlament seçkilərində müxtəlif metod və vasitələrdən istifadə etməklə şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilib. Azərbaycanda artıq 12-ci ildir ki, uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birbaşa izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsi cari il parlament seçkilərində də davam etdirilir. Seçki günü – fevralın 9-da seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb”.

R.Qasımov deyib ki, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır:

“Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar”.

Beləliklə, Milli Məclisə keçiriləcək seçkilərdə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameraların quruaşdıırlmasına dair qərar verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər