MSK-nın iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə Ümid Partiyasının 147 müşahidəçisinin olmasına dair sözügedən DSK-nın MSK-ya etdiyi şikayətə baxılıb.
Teleqraf.com xəbər verir ki, MSK katibi Mikayıl Rəhimov bildirib ki, DSK Ümid Partiyasının bir müddət öncə bu dairə üzrə 147 müşahidəçi təyin edilməsi xahişini edib:
“Halbuki Seçki Məcəlləsinə görə, hər bir müstəqil namizəd və siyasi partiya namizədi hər məntəqəyə yalnız bir müşahidəçi təyin edə bilər. Həmin seçki dairəsi üzrə 33 seçki məntəqəsi var. Buna görə Ümid Partiyasının həmin dairə üzrə namizədlərinin sayı da 33 nəfər olmalıdır”.
MSK sədri deyib ki, hər bir namizədə bərabər şərait yaradılmalıdır:
“Ola bilməz ki, bir namizədin 4-5, digərinin isə bir müşahidəçisi olsun”.
Müzakirədən sonra Ümid Partiyasının digər müşahidəçilərinin qeydiyyatının ləğv edilməsi, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə yalnız 33 müşahidəçinin (hər məntəqəyə bir müşahidəçi) saxlanılması barədə qərar qəbul edilib.