5 Fevral 2020 19:20
2 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovet İttifaqı dağılandan sonra ABŞ keçmiş SSRİ respublikaları ilə həvəslə işlədi və bu ölkələrdə xeyli möhkəmləndi, mövqelər əldə etdi. Rusiya özünə gəldikdən sonra isə sabiq sovet məkanında itirilən mövqelərini möhkəmlətməyə çalışdı. O cümlədən, sınaqdan çıxmış üsullardan istifadə etdi. Konkret olaraq, idarə olunan milli ərazi münaqişələrini işə salmaqla keçmiş sovet respublikalarının çoxunu özündən asılı vəziyyətə saldı. Eləcə də iqtisadi amillərdən istifadə etdi. Məsələn, Orta Asiyada olan milyonlarla insan iş dalınca Rusiyaya üz tutur. Rusiya müəyyən qədər istəyinə nail oldu. ABŞ da keçmiş sovet ölkələrindən əlini kəsmişdi. Amma indi ABŞ dövlət katibi Mayk Pompeo yenidən Orta Asiyaya gəlib və əlaqələri canlandırmağa çalışır. Bu, ona görə baş verir ki, Rusiya dərin böhran içindədir və Moskvanın təsir imkanları getdikcə işləmir. Yəni fəaliyyət cəbhəxanası kəsərdən düşüb”.

Bu fikirləri Teleqraf.com-a ABŞ dövlət departamentinin rəhbəri Mayk Pompeonun Ukrayna, Belarus və Orta Asiya ölkələrinə səfərinin yekunlarını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq əlavə edib ki, Rusiyanın azalan təsiri, böhran içində olmasından ABŞ istifadə edib əlaqələri yeniləyir, Orta Asiya ilə münasibətlərini yüksək səviyyəyə qaldırmağa və həm də gücləndirməyə çalışır.

Z. Əlizadə xatırladır ki, Mərkəzi Asiya Çinə yaxın regiondur, bura həm də Çinin güclü olduğu məkandır:

“Çinlə rəqabətdə olan ABŞ çalışır ki, burada da öz mövqelərini gücləndirsin. Bu səbəbdən də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yaxşılaşmasına xüsusi münasibət göstərir”.

17 ildən sonra ilk dəfə ABŞ-ın yüksək səviyyəli dövlət rəsmisinin Belarusa gəldiyini xatırladan Z. Əlizadə qeyd edir ki, Minsk Rusiyanın ən yaxın silahdaşı və müttəfiqidir:

“Amma Rusiya hakim zümrəsi, oliqarxlarının hədsiz tamahkarlığı ona gətirdi ki, Belarusla yaxınlaşma və ittifaq düşüncələri arxa plana keçdi, əvəzində qəpik-quruş tələbi ön plana çıxdı. Bu məsələdə Rusiya haqsız tərəf idi. Beləcə Moskva Ukraynanı itirdi, indi də addım-addım Belarusu itirir. ABŞ bundan istifadə edir. Nəzərə alın ki, təbiət boşluğu sevmir. O yer ki, boşaldı hansısa güc gəlib oranı doldurur. ABŞ-ın da gücü kifayət qədərdir. Minskdə Pompeo ilə görüş zamanı Aleksandr Lukaşenko açıq bəyan etdi ki, ABŞ-la münasibətlərdəki soyuqluq arxada qaldı. Görünən odur ki, ABŞ Orta Asiya və Belarusla daha sıx işləməyə çalışacaq. Yəni bu ərazilərdə güclənməyə çalışacaq”.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pampeonun Orta Asiya səfəri başa çatıb.

Dövlət katibi əvvəlcə Kiyevdə olub, daha sonra Minskə gələrək Prezident Lukaşenko ilə müzakirələr aparıb. Belarusdan sonra Orta Asiyaya səfər edən Pompeo Qazaxıstanda ölkə Prezident Tokaevlə müzakirə aparıb, Daşkəndə gələrək Özbəkistan prezidenti Şövkat Mirziyevlə görüşüb.

Bundan başqa Pompeo ABŞ-ın yeni yeni strategiyasına uyğun olaraq Daşkənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə də görüşlər keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər