Ötən gün Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışında Avropa Şurasını sərt tənqid etmişdi.
Ölkə başçısının çıxışda qeyd etdiyi məqamları Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovla müzakirə etdik.
- Sahib müəllim, prezident çıxışında qeyd etdi ki, Azərbaycan xalqı Avropa Şurasına olan ümidlərini çoxdan itirib. Səbəbi isə, ölkəmizin daim siyasi sifariş əsasında hədəf seçilməsi və ölkə haqqında olmayan yalanlar uydurulmasıdır...
- Mən bu fikirlərlə razıyam. Əlbəttə, beynəlxalq təşkilatlarda deyilənlərin hamısı səhv deyil. İstənilən ölkədə insan hüquqlarının pozulması halları var. Məslən, son günlərdə Polşada biabırçı məhkəmə islahatı oldu. Məhkəmələrin hüquqları məhdudlaşdırıldı. İspaniyada Kataloniyanın hökuməti az qala tam tərkibdə ya həbsdədir, ya da ölkədən qaçıblar. Ermənistada ard-arda seçilən iki prezidentin, Köçəryanın və Sərkisyanın az qala bütün komandası həbsdədir. Köçəryanın özünü həbs ediblər, Sərkisyana qarşı cinayət işi var. Sərkisyanın qohumlarının çoxu həbs olunub. Əlbəttə biz bu canilərin heç olmasa bu yolla cəzaladırlmasına sevinirik. Amma buna Avropa Şurasının prizması ilə yanaşada hamısı siyasi məhbusdur axı. Hanı Ermənistanla bağlı dinləmələr, qətnamələr? Ona görə də yalnız Azərbaycanda deyil bir çox ölkələrdə Avropa Şurasına və onun strukturlarına, o cümlədən Avropa məhkəməsinə qarşı ümidsizlik var. Rusiyada bu təşkilata qarşı müvafiq tədbirlər görqr. Konstitutsiyaya dəyişikliklər edilir və bundan sonra bu tipli təşkilatların qəraraları ölkə üçün proritet olmayacaq.
Bununla yanaşı qeyd etməliyəm ki, Avropa Şurasında lobbiçilik fəaliyyəti həyata keçirməlisən. İstənilən dövlətlər bunu edir. Daxilimizdəki xain qüvvələr Azərbaycanla bağlı mənfi imic yaratdıqları üçün Avropa Şurasında bizə dost olan şəxslər ölkəmizlə bağlı xoş söz deməyə qorxur. Nəticədə Avropa Şurası Azərbaycanla bağlı aşkar qərəzli bir mövqedədir.
- Prezident bildirdi ki, Azərbaycan haqqında saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir...
- İstənilən ölkədə problem var. Azərbaycanla bağlı deyilən fikirləri Ermənistanla da bağlı anoloji mövqe ortaya qoyulduğu zaman qəbul etmək olardı. Müəyyən məqamlarla razılaşmaq və ya razılaşmamaq olardı. Amma insan hüquqlarına münasibətdə acınacaqlı olan Ermənistana münasibət niyə fərqli olmalıdır ki? Qeyd etdiyim kimi Ermənistanda Köçəryan və Sərkisyan hakimiyyətinin bütün üzvləri həbsdədir.
Ermənistan hakimiyyətinin istəyinə uyğun qərar qəbul edilmədikdə, məhkəməyə hücum edirlər. Keçmiş komandanın üzvləri təqiblərə məruz qalır, amma reaksiya yoxdur. Avropa Şurasına daxil olan bəzi dövlətlərdə insan hüquq və azadlıqları ilə bağlı vəziyyət bizdən qat-qat pisdir. Onlarla bağlı heç bir dinləmə, müzakirə yoxdur. Amma Azərbaycana qarşı edilənlər təzyiqdən xəbər verir. Baş verənlərə görə cəmiyyətdə Avropa Şurasına qarşı müsbət olmayan fikirlər yaranır.
- Ölkə başçısının sözlərinə görə, Avropa Şurasında Azərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır. Bununla bağlı siz necə düşünürsünüz?
- Avropa Şurasının Azərbaycana qarşı tənqidlərini yalnız qərəz və ikili standart olmadıqda doğru qəbul edə bilərəm. Avropada dini radikallar həbs olunduqda normal qəbul edirlərsə, Azərbaycanda bunu siyasi məhbus kimi qeyd edirlər. Bu məsələlərə görə prezidentin fikrinə haqq qazandırmamaq mümkün deyil. Hətta ölkəni tənqid edən qətnamə qəbul edəndə belə pozitiv olan məqamlar ilk növbədə qeyd edilməlidir. BMT-nin istənilən sənədinə baxdıqda, ilk növbədə pozitiv məqamlar qeyd edilir, daha sonra mənfi məqamlara keçid edirlər. Avropa Şurasında belə deyil.
- Prezident qeyd etdi ki, Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə qədər lazımdır. Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər. Sizcə, doğrudan da Azərbaycan bu təşkilatı tərk etməlidir?
- İstənilən dövlət beynəlxalq təşkilata daxil olarkən onun nizamnaməsinə qoşulur və onu ratifikasiya edir. Hər bir dövlət də müəyyən prosedurlara əməl etməklə üzv olduğu təşkilatdan çıxa bilər. Mən istərdim ki, bu təşkilatda qalıb, davam edək.
Amma Azərbaycana təyin edilən son məruzəçi anarxistləri dəstəkləyən birisidir. Öz ölkəsində mənfi imici var. Bu qeyri-ciddi bir təəssürat yaradır. Arzu etməzdim ki, Avropa Şurası ilə əlaqələrimiz kəsilsin. Amma hakimiyyət belələrini ölkəyə buraxmamalıdır. Bununla belə hakimiyyət ölkə daxilində dialoqu davam etdirməlidir.
- Nə üçün digər ölkələrdə baş verən neqativ hallar Avropa Şurasında müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?
Qeyd etdiyim kimi 47 üzv dövlət arasında siyasi fəalliyətinə görə ən çox həbs olunan insanlar İspaniyadadır. Katoloniya hökümətinin yarısı həbsdədir, yarısı ölkəni tərk edib. Hətta Avropa İttifaqına seçilən deputatları və mandatı da ləğv etmələrinə baxmayaraq, Avropa bu haqda heç bir fikir bildirmədi. Fransada, Belçikada kütləvi aksiyalarda onlarla insan öldü və yüzlərlə insan ağır xəsarətlər aldı. Bu qurumdan səs çıxmadı.
Ermənistadakı vəziyyəti qeyd etdim. Eyni zamanda, Gürcüstan və Ukrayna ilə bağlı bunu demək olar. Bir ölkə də ki, silahlı dəstələr var, bu ölkədə demokratik proseslərdən danışmaq olmaz. İstənilən ölkədə siyasi motivlərlə həbs olunanların hamısını günahsiz hesab etmək olamaz. Bizdə isə metronu partladıb onlarla insanı terror qurbanı edənlərin adı da siyasi məhbus siyahısıdadır. Avropada dini radikalların nəinki özlərini, ailə üzvlərini də həbs edirlər. Eyni dərəcədə bu tipli şəxslər Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunanda dərhal bu siyahılarda qeydə alınırlar.