Baş Prokurorluq 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevdən şikayəti ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov bildirib ki, daxil olmuş müraciət Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib:
"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib".
Qeyd edək ki, tanınmış bloqqer Mehman Hüseynov Fərəc Quliyevin səs yazısını yayıb. Səs yazısında F.Quliyev M.Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər”, – deyib. MSK məsələ ilə bağlı Fərəc Quliyevə xəbərdarlıq edib.