Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Bu barədə Teleqraf.com-a TÜRKPA-nın Mətbuat Katibliyindən məlumat verilib.
Müşahidəçilər missiyasının tərkibi Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik nümayəndələrindən ibarətdir.
"Müşahidəçilərin proqramına bir sıra dövlət qurumlarında görüşlər daxildir. Seçkilər günü isə, TÜRKPA missiyası Bakı şəhərində və bir sıra regionlarda səsvermə prosesi üzrə monitorinq aparacaqdır. Fevralın 10-da TÜRKPA müşahidəçilər missiyası tərəfindən apardığı müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçiriləcək və missiyanın seçkilərə dair rəsmi bəyanatı təqdim ediləcək", - katiblikdən bildirilib.
Müşahidə missiyası üzvlərinin bir hissəsi bu axşam Bakıya gələcək.
Qeyd edək ki, TÜRKPA müşahidəçilər missiyası 2010-cü ildən etibarən üzv ölkələrdə keçirilən prezident və parlament seçkiləri, habelə konstitusiya referendumlarını müşahidə edib.