7 Fevral 2020 16:10
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası üzv ölkələrdə insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı zaman-zaman ayrı-seçkilik və ikili standart mövqeyindən çıxış etməklə özünün beynəlxalq nüfuzunu sarsıdır və məlum səbəblər üzündən yaşadığı deqradasiyanı dərinləşdirir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, üzv ölkələrin xalqları və hökumətləri Avropa Şurası strukturlarından obyektiv münasibət və əməli dəstək gözlədikləri halda, xüsusilə Avropa Şurasının Parlament Assambleyası özünün bəyan etdiyi prinsip və dəyərlərdən sürətlə uzaqlaşır:

“AŞ PA ötən ay Azərbaycanda media azadlığı və çoxdan qapanmış hesab edilən siyasi məhbus mövzusunu yenidən süni və qərəzli şəkildə gündəmə gətirməklə, dəyərlərə söykənən ilkin simasını nə qədər itirdiyini bir daha nümayiş etdirdi. AŞ PA-nın xüsusilə Azərbaycan və Türkiyəyə münasibətdə qeyri-obyektiv qərarlar çıxarması bu təşkilatın hansı qüvvələr tərəfindən idarə edildiyinə dair asanlıqla nəticə çıxarmağa əsas verir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun AŞ PA-nın məlum siyasəti barədə müzakirələri bu təşkilat barədə neqativ rəylərin artıq beynəlxalq xarakter daşımağa başladığını əyani şəkildə göstərdi. İlham Əliyev ilə Mövlud Çavuşoğlunun eyni mövqe nümayiş etdirməsi AŞ PA-nın ikili standartlarının tək bir dövlətin yox, artıq müxtəlif dövlətlərin platformasına çevrildiyini göstərir. Hesab etmək olar ki, artıq AŞ PA daxilində onun ikili siyasətinə qarşı vahid dövlətlər platforması formalaşır. Azərbaycan və Türkiyə kimi Avropa üçün müstəsna vacib ölkələrin AŞ PA-nın siyasətinə əks mövqelər göstərməsi əsaslıdır, arqumentlidir və təsirlidir”.

A. Quliyev qeyd edib ki, Azərbaycanda siyasi məhbus mübahisələrinin qapanması bir sıra mötəbər instansiyalar tərəfindən təsdiqlənən fakt olsa da, AŞ PA-nın buna başqa cür yanaşması onun doğru yolda olmadığını göstərir:

“Azərbaycanla müqayisədə AŞ PA-nın Gürcüstan, Ermənistan, Ukrayna və Moldovaya münasibətində ayrı-seçkiliyi özünü daha qabarıq büruzə verir. Ermənistanda alternativ siyasətlə məşğul olduqlarına görə sabiq dövlət xadimlərinin həbsinə, hətta siyasətçi və jurnalistin həbsdə ölməyinə göz yummağı AŞ PA-nın, həqiqətən, öz prinsiplərinə dönük çıxmış qurum olduğunu göstərir. AŞ PA bu günədək Gürcüstanın sabiq prezidenti və Qərb prinsiplərinin tərəfdarı kimi tanınan Mixeil Saakaşvilinin ölkədən məhz siyasi səbəblərə görə qaçqın salınmasına heç bir münasibət bildirməyib. Ukraynanın sabiq prezidenti qərbpərəst Petro Poroşenkoya qarşı yenə də siyasi motivlərlə cinayət işinin açılması sırf siyasi təqib nümunəsidir”.

Siyasi ekspert bildirib ki, AŞ PA-nın tək Azərbaycanla Türkiyəni hədəfə alması onun digər ölkələrin problemlərini ört-basdır etmək niyyətlərinin əlamətləridir:

“Azərbaycan cəmiyyətində AŞ PA-nın siyasətinə əks mövqenin güclənməsi tam əsaslı prosesdir. AŞ PA bir tərəfdən Azərbaycanı siyasi sifarişlə bəzi göstərilən ölkələrdən aşağı tutur, digər tərəfdən Azərbaycan xalqı qarşısında hələ 2001-ci ildə öz üzərinə götürdüyü öhdəlikləri nümayişkəranə şəkildə pozur və icra etmir. AŞ PA-nın Ermənistan kimi təcavüzkar ölkə qarşısında Azərbaycanı sifarişli siyasət qurbanına çevirməsi heç bir ədalətə və prinsiplərə cavab vermir. AŞ PA-nın hazırkı yanaşması Azərbaycana böhtan atmaqdan başqa cür təhlil edilə bilməz”.

A.Quliyev deyib ki, Rusiyanın AŞ PA-dan çıxarılması və sonda öz qərarını ləğv etmək məcburiyyətində qalması bir daha göstərdi ki, bu təşkilat onun taleyini düşünən yox, başqa ölkələrdən qisas almaq istəyən qərəzli qüvvələrin təsiri altındadır:

“Azərbaycana qərəzli yanaşma da AŞ PA-nın məhz həmin siyasətinin təzahürüdür. Prezidentimiz üzv ölkələrə ayrı-seçkiliklə yanaşan AŞ PA ilə bağlı Azərbaycanın yeni strategiyasını müəyyənləşdirdi və bu, cəmiyyətimiz tərəfindən tam anlayışla qarşılanır. Azərbaycan xalqı AŞ PA-nın onu üzvlükdə qalıb-qalmamaqla bağlı ciddi seçim qarşısında qoyduğuna indi həmişəkindən çox əmindir. Prezident İlham Əliyev AŞ PA-nın ikili standart siyasəti barədə əslində Azərbaycan xalqının daşıdığı ictimai rəyi ifadə etdi. Azərbaycan xalqının AŞ PA-dan üz döndərməsi bu təşkilatın beynəlxalq imicinə ən sarsıdıcı son zərbələrdən biri ola bilər. Əslində Prezident İlham Əliyev və Mövlud Çavuşoğlu iki xalqın ümumi rəyini açıq ifadə etməklə AŞ PA-ya yanlış yoldan dönmək üçün son şansı vermiş oldular”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər