MSK-nın bügünkü iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə namizəd, əməkdar jurnalist Ləman Əliəşrəfqızının şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, L.Əliəşrəfqızı həmin dairə üzrə namizəd Aqiyə Naxçıvanlıdan şikayət edib.
L.Əliəşrəfqızı öz şikayətində bildirib ki, A.Naxçıvanlı bir seçicinin övladının təhsil haqqının 1200 manatlıq hissəsinin 600 manatını ödəyib. Həmçinin, L.Əliəşrəfqızı bildirib ki, A.Naxçıvanlı xəstəliyi olan bir seçicinin müalicə xərclərini ödəyib. Bundan əlavə L.Əliəşrəfqızı seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Oğuz Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirak etdiyindən şikayətlənib.
Ancaq İlham Məmədov bildirib ki, aparılan araşdırma zamanı A.Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqatda qanunsuzluğa yol verdiyi barədə iddialar öz təsdiqini tapmayıb. Buna görə də L.Ələşrəfqızının şikayəti təmin olunmayıb.