“Azərbaycanda seçki prosesinin səviyyəsi gündən-günə artır”.
Bunu Türkiyə parlamentinin deputatı, Türkiyə parlamentindəki Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım deyib.
O qeyd edib ki, səhər tezdən məntəqələrin açılışında iştirak edib və səsvermə prosesini diqqətlə izləyib.
“Bir daha Azərbaycanda keçirilən seçkiləri izləyirik və deyə bilərəm ki, onların keçirilmə keyfiyyəti hər dəfə artır. Məsələn, ölkə daxilində seçki prosesinin videomüşahidə altında olan seçki məntəqələrinin sayı artıb. Bu, seçkilərin şəffaflığının təmin edilməsi baxımından son dərəcə vacibdir və ölkədə demokratiyanın olmasının dəlilidir. Xüsusi pozuntular qeydə almamışıq”, - deyə o bildirib.
Ş.Ayrım parlament seçkilərində çox sayda gənc namizədin olmasını müsbət amil kimi qeyd edib: “Bu, çox cəsarətli addımdır. Onlar ölkənin idarə olunmasında iştirak etmək və onun daha parlaq gələcəyini təmin etmək üçün namizəd olublar. İnanıram ki, bu, Azərbaycanın xeyrinə olacaq”.//Report.az