Mərkəzi Seçki Komissiyasının nəzərdə tutulan vaxtdan 15 dəqiqə sonra başlayıb.
Teleqraf.com xəbər verir ki, hazırda iclasda MSK sədrinin müavini Rövzət Qasımov iştirakçılara ATƏT/DTİHB-in müraciəti barədə məlumat verir.
O qeyd edib ki, ATƏT/DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin sabiq rektoru Aygün Attarın akkreditasının ləğv edilməsini xahiş edib.
R.Qasımov bu halın ilk dəfə baş verdiyini bildirib. Deyib ki, müraciət təmin edilməli və Aygün Attarın müşahidəçilik üçün verilən akkreditasiya lövhəciyi ləğv edilməlidir. O, bununla bağlı hazırlanmış qərarı oxuyub.
MSK üzvü Bəxşeyiş Əsgərov Aygün Attarı tanıdığını bildirib. O, bu halın baş verməsinə təəccübləndiyini bildirib və bunun səbəblərini soruşub.
Söz iclasda iştirak edən ATƏT/DTİHB nümayəndəsinə verilib. Müşahidə misiyasının üzvü olan xanım bu qərarın müşahidə missiyasınıın rəhbəri, səfir Piter Tecler tərəfindən verildiyini bildirib. Deyib ki, bu barədə suala ən yaxşı cavab verə biləcək şəxs də elə müşahidə missiyası rəhbərinin özüdür. Yenidən sual verildikdə isə xanım müşahidəçi bildirib ki, buna səbəb ATƏT/DTİHB-nin davranış qaydalarını pozmasıdır.
MSK sədri Məzahir Pənahov ATƏT/DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Teclerin müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin sabiq rektoru Aygün Attarın akkreditasının ləğv edilməsi barədə müraciətinin müzakirə edilməsinə ehtiyac olduğunu bildirib.
MSK üzvlərinə ardıcıllıqla söz verilib. MSK sədri bu məsələnin Azərbaycana qarşı hansısa tədbir görülməsinə əsas ola biləcəyini düşünmədiyini bildirib.
Əlavə edib ki, Aygün Attarın bu məsələdə mövqeyinin öyrənilməsi vacibdir:
“Əgər Aygün Attar bizi məhkəməyə versə, MSK pis vəziyyətdə qala bilər. Üstəlik artıq müşahidə missiyasının faəliyyətinin başa çatmasına bir neçə gün qalıb. Artıq səsvermə də arxada qalıb”.
MSK sədrinin müavini Rövzət Qasımov ATƏT-in mövqeyinin nəzərə alınmalı olduğunu vurğulayıb.
Müzakirədən sonra A.Attarın akkreditasiyası ləğv olunub.
***
16:03
Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayacaq.
Teleqraf.com xəbər verir ki, MSK sədri Məzahir Pənahov sədrlik edəcək.
İclasda ilk olaraq 31 yanvar və 1 fevral tarixli iclas protokolları təsdiqlənəcək.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.
Daha sonra Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş şikayətlər nəzərdən keçiriləcək.
İclasda seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri də iştirak edirlər.