“ABŞ, Türkiyənin əsas müttəfiqidir və NATO nizamnaməsinə uyğun olaraq da onların yanında olmalıdır. Amma onlar bunun yerinə, güc nümayişi üçün bir poliqona çevrilən Suriyadan öz qüdrətini göstərməyə çalışırlar. Əlbəttə burada hər kəsin marağı var və ən böyük payı da götürmək uğrunda mübarizə gedir”.
Politoloq Ramiyə Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qarşı tərəfin artan hücumlarına cavab olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan etdi ki, Bəşər Əsəd ordusu hər yerdə vurulacaq. Bu qərar bölgədə hansı gəlişməyə yol açacaq, Türkiyə Əsəd rejimini dəstəkləyən Rusiya ilə üz-üzə qala bilərmi?
- İllərdir bu müharibədən ən çox zərər görən ikinci ölkə, Suriyanın özündən sonra Türkiyədir. Bu zərərlər siyasi və iqtisadi amillərlə bağlıdır. Suriyadan qaçanların əksəriyyəti Türkiyəyə sığındı. İndi də sərhədlərdə Türkiyəyə keçmək istəyənlərin sayı artıq üç milyon nəfərə çatıb. Türkiyə ilk günlərdən bu məsələnin həlli üçün Qərbə səsləndi, amma bunun qarşılığında verilən vədlərin heç birinə əməl olunmadı. Nəticədə Türkiyə hərbi-siyasi və iqtisadi zərbə altında qaldı və məsələni təkbaşına həll etməyə çalışır. Suriya ətrafındakı vəziyyət günbəgün ağırlaşır. İran və Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd ordusu Suriya ərazilərinin böyük hissəsinə nəzarəti ələ keçirib. Beləliklə, Soçi və Astana anlaşmaları nəticə vermədi. Bu anlaşmaları heçə sayan Rusiya Əsəd rejiminə dəstəyi bir qədər də artırıb. İdlibdə indiyədək olmamış qədər Türkiyənin mövqelərinə hücumların sayı artıb. Nəticədə bu hücumlar türk ordusunun hərbçilərinin həlak olmasına səbəb oldu. Türkiyə də haqlı olaraq, bu savaşın sonuna qədər gedəcəyini bəyan etdi.
Əlbəttə Əsəd Rusiyasız Türkiyəyə müqavimət göstərə bilməzdi. Türkiyə də bunu bildiyi üçün Rusiyanı məsələnin həllinə çağırır. Türkiyə Rusiya ilə müharibə etmək niyyətində deyil. Çünki son illərdə tərəflərin əldə etdiyi isti münasibətlərin qorunması Suriya məsələsindən daha önəmlidir. Tərəflər arasında çox sayda ticarət, enerji, iqtisadi və digər sahələr üzrə müqavilələr imzalanıb, indi də bunu risk qarşısında qoymaq istəmirlər. Rusiya həm Yaxın Şərq, həm də Avropaya çıxışı olan Türkiyəni itirmək niyyətində deyil.
- İdlib məsələsinə dair ortada Astana və Soçi anlaşması var, amma Ankara iddia edir ki, Rusiya niyə vədləri yerinə yetirmədi. Halbuki Rusiya Prezidenti Vladimir Putinlə aparılan görüşlərdə anlaşmalar əldə edilmişdi. Putinin Ərdoğandan istədiyi nədir?
- Türkiyənin ABŞ-la anlaşması pozulduqdan sonra Putin Ankaraya Suriya məsələsini birlikdə həll etmək mesajını verdi. Türkiyə də böyük bir dövlətlə qarşıdurmaya getmək yerinə, münaqişənin həllinə dair Astana və Soçi proseslərinə başlanmasına razılıq verdi. Rusiya da bundan istifadə edərək, Türkiyənin başını qata bildi, digər yandan da Əsəd rejiminə dəstəyi artıraraq irəliləməyə başladı. Türkiyə bunu anladıqdan sonra Rusiyaya təzyiqlər etməyə başladı. İdlibdə baş verən son gəlişmə ilə də nöqtəni vurdu.
Putinin Ərdoğandan ilk gündən istədiyi budur ki, Bəşər Əsədin bu kürsüdə oturmasına etiraz etməsin. Ərdoğan isə ilk gündən “faşist” adlandırdığı Əsədin istefa verməsinin tərəfdarıdır. Amma Ərdoğan da onu başa düşür ki, nə qədər Putin hakimiyyətdədirsə, Əsəd də o kürsüdən düşməyəcək. Amma indi Türkiyə bundan daha çox Əsədin İdlibdən geri çəkilməsi ilə sərhədlərdə təhlükəsizliyi təmin edərək, qaçqınları burada yerləşdirmək istəyir. Türkiyənin də burada haqlı olduğunu görürük.
- Bəs Türkiyənin NATO-dakı müttəfiqləri niyə Suriyadan geri çəkilib meydanı Rusiyaya verdilər? Bu qərar Rusiyanın daha da möhkəmlənməsinə yol açdı, demək olar poliqonda Türkiyəni tək qoydular.
- Bu məsələdə Türkiyənin əsas müttəfiqi ABŞ-dır və NATO nizamnaməsinə uyğun olaraq, Türkiyənin yanında olmalıdır. Amma ABŞ bunun yerinə, güc nümayişi üçün bir poliqona çevrilən Suriyadan öz qüdrətini göstərməyə çalışır. Əlbəttə burada hər kəsin bir marağı var və ən böyük payı da götürmək uğrunda mübarizə gedir. Əslində ABŞ və bir sıra qüvvələrin məqsədi Suriyanı bərpa etmək və ya rejimi dəyişmək yox, bu ölkəni bölməklə öz maraqlarını təmin etməkdir. ABŞ-ın Suriyadan geri çəkilməsinə gəlincə, bunun Rusiya ilə anlaşma çərçivəsində olduğu istisna olunmur. Hər zaman Rusiya və ABŞ arasında gizli anlaşma olub.
Digər yandan, Türkiyənin ABŞ tərəfindən dəstəklənən PKK-YPG terror təşkilatına qarşı əməliyyat aparması, tərəflər arasında fikir ayrılığı yaratdı. Həmin dəstək bu gün də davam edir. ABŞ-ın 2020-ci il müdafiə büdcəsində də, PKK-YPG-yə maliyyə yardımı məsələsi öz əksini tapıb. Bu, 1 milyon dollardan çox maddi vəsaitdir. Buna görə də, Türkiyə öz müttəfiqinə qarşı çıxmaq məcburiyyətindədir. İndi isə Rusiya ilə münasibətlərin gərginləşdiyini görən ABŞ yenidən Türkiyəyə dəstək vermək niyyətinə düşüb. Bu məqsədlə də Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini Ankaraya göndərdi.
Amma Ankaranın Cefrinin verdiyi vədlərə inanacağını düşünmürəm. Çünki artıq Türkiyə ABŞ-ın ona qarşı olan keçmiş davranışlarını nəzərə alır. Türkiyənin xoş niyyəti indi başının bəlasına çevrilib. Buna görə də, Türkiyə öz işini özü görəcək. Hesab edirəm ki, Türkiyə doğru yolu tutub, güclü bir dövlət kimi öz bölgəsində gücünü göstərməlidir. Türkiyə öz gücünü göstərməsə, zərbələrin qarşısını ala bilməyəcək. Amma inanmıram ki, bundan sonra Türkiyə nə ABŞ-ın, nə də Rusiyanın vədinə inanacaq. Türkiyə bu yolu özü getməsə, öz imicini zədələyə, itirə bilər. Buna görə də öz maraqlarını təmin etmək üçün mübarizəni sonadək davam etdirəcək.