İdlibdə nə baş verdiyi əhəmiyyətli deyil. Arzu edirəm ki, Türkiyə-Rusiya münasibətləri qaydaya salınsın. Dialoq olsun və ağıl qələbə çalsın.
Bunu Teleqraf.com-a açıqlamasında Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılov Suriyada üz-üzə gələn Türkiyə və Rusiyanın gərginləşən münasibətlərini şərh edərkən deyib.
İlyas İsmayılov xatırladıb ki, Suriyada uzun illərdir vətəndaş müharibəsi gedir, ölkə viran olub:
“Bəşər Əsəd legitim hakimiyyət deyil. Necə ola bilər ki, orada insanları öldürüblər. Əsəd Suriya hakimiyyəti başında qalmasa yaxşıdır. Rusiya Bəşər Əsədi müdafiə edir. Rusiyanın hansı mülahizələrdən çıxış etdiyi bəllidir. İstəyim odur ki, Türkiyə-Rusiya münasibətləri qaydaya salınsın və Suriyaya görə yaranan anlaşılmazlıq aradan qalxsın”.
Partiya sədri hesab edir ki, dialoq vasitəsilə hər şey qaydaya düşə bilər:
“Başqa yol yoxdur. Sonda ağılın qələbə çalacağına inanıram. Suriya problemi uzun illərdir ki, davam edir. Məsələ həll edilməmiş qalır. Çünki burada bir sıra qüvvələrin marağı var. İranın, Amerikanın, Qərbin də marağı var. Əziyyət çəkən də yazıq sadə xalqdır. Canını qurtaran Avropa və Türkiyəyə qaçıb. Orada qalanlar da acından ölür, səfil həyat keçirir.Arzu edərdim ki, Suriya problemi tezliklə həll edilsin. Xalq yazıqdır”.