Prezident İlham Əliyevin fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə uzun illərdir Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqım Əsgərovla bağlı məsələni qaldırması təkcə humanitar nöqteyi-nəzərdən deyil, həm də siyasi-dövlətçilik baxımından əhəmiyyətli hadisədir.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu hadisə bir daha göstərir ki, Azərbaycan dövləti dünyanın harasında olursa olsun öz vətəndaşı ilə bağlı baş verən hadisələrə laqeyd qalmır və onların hüquqlarının müdafiəsi üçün hər bir fürsətdən səmərəli şəkildə istifadə etməyi bacarır.
Aydın Quliyev qeyd edib ki, azərbaycanlı girovların indiyədək Ermənistanda saxlanılması və ermənilərin əldə olunmuş razılaşmalara baxmayaraq iki girovu azad etməkdən imtina etməsi, bu faktın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qaldırılması Ermənistana növbəti zərbədir:
“Bilirsiniz ki, bir neçə il əvvəl Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə humanitar sahədə bir sıra addımların atılması və bu addımların dövlətlər və xalqlar arasında etmad yaradılmasında nə qədər önəmli olması konkret şəkildə vurğulanıb. O cümlədən əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi kimi konkret məsələ barədə də razılıq əldə olunub.
Azərbaycan həmişə bunun həyata keçirilməsində ardıcıl mövqeyi ilə seçilib. Ancaq təəssüf ki, bütün başqa məsələlərdə olduğu kimi Ermənistan bu məsələdə də təxribatçı platformadan çıxış etməyi tərgitmir. Əslində bu, “hamının-hamıya” prinsipinin Ermənistan tərəfindən açıq-aşkar pozulmasından başqa bir şey deyil”.
A.Quliyev qeyd edib ki, iki Azərbaycan vətəndaşının dəyişdirilməsi ilə bağlı məsələnin Prezident İlham Əliyev tərəfindən Münxen Təhlükəsizlik Konfransında qaldırılması Ermənistanın növbəti ifşa aktıdır.
Qeyd edək ki, fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.