Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Münxendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşü olub.
Teleqraf.com xəbər verir ki, Dünya Bankının icraçı direktorunu salamlayan Prezident İlham Əliyev deyib:
-Bu görüş gələcək əməkdaşlığımız haqqında danışmaq üçün yaxşı fürsətdir. İndiyədək tərəfdaşlığımız çox uğurlu olmuşdur. Uzun illərdir ki, bizə göstərdiyiniz dəstəyə görə sizə minnətdarıq. Bildiyiniz kimi, iqtisadiyyatımız indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək.
İcraçı direktor Aksel van Trotsenburq:
-Çox sağ olun cənab Prezident. Əvvəlcə Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının donor ölkəsi olduğu üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə pəncərəsindən faydalanmışdır. Hesab edirəm ki, bir ölkənin burada aparıcı rol oynaması, sonra isə yoxsul ölkələrlə həmrəy olan ölkələr klubuna qoşulması bir uğur hekayəsidir. Sizin 5 milyon dollar məbləğində töhfəniz çox yüksək qiymətləndirilmişdir. Çünki hesab edirəm ki, bununla biz sonda bəzi ölkələrin hələ də uzun yol qət etmək məcburiyyətində olduqlarına işarə etməsini unutmamalıyıq. Lakin ölkənizin timsalında siz artıq bu fazanı geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla üz-üzədir. Biz çox məmnunuq ki, Sizinlə bu məsələlər üzərində işləmək imkanına malikik. Hesab edirik ki, gələcək əməkdaşlıq üçün xüsusilə Mərkəzi Asiya önəmli bir bölgədir.
Prezident İlham Əliyev: Çox sağ olun. Hesab edirəm ki, müstəqilliyin ilk illərində Dünya Bankından və başqa beynəlxalq maliyyə təşkilatlarından çoxlu maliyyə dəstəyi əldə etmiş Azərbaycanın indi donor ölkəyə çevrilməsi çox rəmzi xarakter daşıyır. Hesab edirik ki, bu, indi bizim öhdəliyimizdir, çünki biz də hazırda dəstəyə ehtiyacı olanların vəziyyətində olmuşuq. Biz pul, resurs olmadıqda, təqribən 50 faiz ətrafında yoxsulluq olduqda bunun nə qədər çətin olduğunu bilirik. Buna görə də həyata keçirdiyimiz islahatların əsas hədəfi iqtisadi inkişaf vasitəsilə əhalinin sosial rifah halını artırmaqdan ibarətdir. İndi isə əhalimiz arasında yoxsulluq həddində yaşayanların sayının 5 faizdən aşağı olması, düşünürəm ki, bəzi digər ölkələr üçün də yaxşı nümunədir. Bu, onu göstərir ki, yoxsulluq bununla barışaraq ömürlük yaşayacağınız bir şey deyil. Əgər siz xarici investisiyalar üçün açıqsınızsa, əgər siz maliyyə institutları ilə konstruktiv şəkildə işləyirsinizsə, əgər sizin inkişafa dair aydın baxışınız varsa bir gün siz bunun öhdəsindən gələcək və donor ölkəyə, iqtisadi və sosial vəziyyəti sabit olan bir ölkəyə çevriləcəksiniz. Buna görə bir daha sizə davamlı dəstəyinizə, nəinki Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına göstərdiyiniz dəstəyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz ümidvarıq ki, gələcəkdə bir çox digər sahələrdə məhsuldar əməkdaşlığımız davam edəcək.
x x x
Söhbət zamanı qeyd olundu ki, Azərbaycan yoxsulluğun əsaslı şəkildə azaldılmasına görə dünyada aparıcı ölkələrdən biridir.
***
12:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.