Hazırda sosial şəbəkələrdə olan şikayətlərin araşdırılması prosesi davam edir. Dairə seçki komissiyalarına göndərdiyimiz şikayətlərin 80 faizi təkrar bizim üstümüzə qayıdacaq. Həmin şikayətlər geri qayıdanadək biz sosial şəbəkələrdəki videoların araşdırılması üzərində işi başa çatdırmalıyıq.
Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildiirb.
O qeyd edib ki, DSK-ların qərarlarından MSK-ya şikayət olunanda sosial şəbəkələrdəki görüntülər MSK-ya çox ciddi şəkildə lazım olacaq: “Bəzi müraciətlərdə ümumi xarakterli sözlərdən başqa heç bir məna yoxdur. Onlara əsasən MSK heç bir qərar qəbul edə bilməz. Bəzi fərdlər əllərində olan videoları hansısa zaman üçün nəyə görəsə saxlayırlar. Mən KİV vasitəsilə hər kəsə bildirmək istəyirəm ki, kimdə nəsə varsa, elə bilməsin ki, onu saxlamağın nəsə bir faydası var.
Onları ortaya çıxarsınlar. Çünki sonra bunun hüquqi baxımdan bir faydası olmayacaq. O materialların nəinki vaxtı çatıb, hətta vaxtı keçir. Sosial şəbəkələrə minnətdarıq. Sosial şəbəkələr çox gözəl faktor, çox gözəl fenomendir”.