Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana tarixi, siyasi, əxlaqi və diplomatik dərs keçdi. Sanki cənab Əliyev müəllim, Paşinyan isə şagird idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, dünya bir daha Azərbaycan prezidentinin sənədlər və arqumentlərə əsaslanaraq tarixdən danışdığını gördü, Paşinyan isə əvvəlki yalanları təkrarlayırdı.
Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyəti qarşısında açıq müzakirəyə çıxarmaqla, Azərbaycanın xarici siyasətinə yenilik gətirdi: “İlk müzakirədə Prezident İlham Əliyev konstruktivliyini və məsələnin ədalətli dialoq yolu ilə həllinə tərəfdar olduğunu açıq göstərdi və Ermənistanın hökumət başçısını dalana dirədi. Qarşı tərəfin səsləndirdiyi ziddiyyətli ifadələr, yalan dolu “tarix” danışması və müasir dünyanın gözü qarşısında törətdikləri cinayətləri ört-basdır etmə cəhdi, işğal altındakı 7 rayondan, bir milyondan çox məcburi köçkün və qaçqınlar barədə danışmaq istəməməsi ilə özünü doğrulda bilməzdi. Çünki o, tarixi faktlar, dərin mühakimələr və beynəlxalq hüququn müəyyən etdiyi gerçəkliklərlə üz-üzə qalmışdı”.
Hulusi Kılıç vurğulayıb ki, İlham Əliyev bir daha dünya ictimaiyyətinə Ermənistan liderlərinin başlatdıqları yalanları bu günə qədər davam etdirdiklərini sübuta yetirdi: “Azərbaycan prezidenti yaxın tarixdən danışmaq istədi, 1980-ci illərə toxundu. Qarşı tərəf isə eradan əvvəlki, olmayan tarixə getdi. Paşinyan münaqişəsinin həllini istəyirsə, əvvəlcə işğal etdikləri 7 rayonu boşaltmalıdırlar. Məcburi köçkün və qaçqınlar doğma yurd-yuvasına qayıtmalı və etimad mühiti yaradılmalıdır. Sonra isə Qarabağın statusu müəyyənləşəcək. Ermənistan 30 ildir bölgədə təhlükəsizliyi təhdid edir. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Bu siyasəti davam etdirərək Ermənistan liderləri erməni xalqını da cəzalandırırlar. Tez bir zamanda işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Qarabağ Can Azərbaycanın bir hissəsidir. İnanırıq ki, qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Türkiyə də Azərbaycanın yanındadır. Qarabağ probleminin həll prosesi gecikib. Azərbaycan prezidenti Qarabağ münaqişəsinin diplomatik yolla, dialoqla həll edilməsinin tərəfdarıdır. Bu baxımdan Ermənistan rəhbərləri, Paşinyan ağlını başına yığıb insanları aldatmasın, kiçik islahatlarla bu məsələ həll edilə bilməz. Vaxt itiririk”.
Hulusi Kılıç Azərbaycanın dövlət başçısının ATƏT və BMT-yə çağırışının da əhəmiyyətli olduğunu bildirib: “Onlar da üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. BMT-nin 4 qətnaməsi qeyd-şərtsiz tez bir zamanda icra olunmalıdır. ATƏT həmsədrləri regiona səfər edirlər, onlar da bu işdə fəallıq nümayiş etdirməlidirlər. 2020-ci il Qarabağ probleminin həlli ili olmalıdır. Bu məsələdə üzərimizə düşən vəzifəni həyata keçirəcəyik. Türkiyə və Azərbaycan çiyin-çiyinə birgə çalışacaqlar”.