Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili Teleqraf.com-un suallarını cavablandırıb:
- Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı debatı necə qiymətləndirirsiniz? İndiyədək Ermənistan rəhbərliyi bir çox hallarda beynəlxalq birliyə mesajların ötürülməsi üçün yaradılan imkanları dəyərləndirməyib, əksinə yayınıb, sonuncu dəfə Davosdakı müzakirədə iştirakını təxirə salmışdı. Bunun səbəbini nə ilə izah etmək olar?
- Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı debatı müsbət dəyərləndirirəm. Həqiqətən də Ermənistan tərəfi uzun müddət idi ki, Dağlıq Qarabağ münaqişəsinin alternativ platformada müzakirə olunmasına razılıq vermirdi. Prezident İlham Əliyev də Münhendə çıxışı zamanı bildirdi ki, əvvəlki illərdə Serj Sərkisyan bu cür açıq debatlara dəvət olunsa da, gəlmirdi, müzakirələrdən yayınırdı. Sərkisyan təcrübəli siyasətçi idi, o başa düşürdü ki, ATƏT-dən kənarda müzakirə aparılması Ermənistanın ziyanınadır. Təcrübəsiz Paşinyan isə bu görüşə razılıq verdi. Paşinyan düşünürdü ki, xalq adamıdır, populistdir, müəyyən auditoriya qarşısında çıxış edə biləcək. Amma debatda Azərbaycan prezidenti Paşinyan üzərində üstünlük nümayiş etdirdi. Bu cür açıq formatda debatın baş tutması Azərbaycanın qələbəsidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr təkcə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılmır, ayrı-ayrı platformalarda da keçirilir. İndiki halda bu, Azərbaycanın maraqlarına tam cavab verən formatdır.
- Bu formatda debatın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində müzakirələrə nə kimi töhfəsi ola bilər?
- Debatda diqqətçəkən məqam ondan ibarət idi ki, açıq keçdi, Dağlıq Qarabağ müzakirəsi bağlı qapılar arxasında deyil, ölkə rəhbərləri tərəfindən üzdə müzakirə olundu. Ermənistan tərəfinin danışıqlar prosesində qazandığı bəlkə də ən böyük uğuru odur ki, danışıqların gizli keçməsinə nail olub. İndiki dövrdə isə Ermənistan baş naziri çıxıb böyük auditoriya qarşısında etiraf edir ki, bu, bizim maraqlarımıza sərf edən variantdır. Bu formada Ermənistan rəhbərliyi öz daxili auditoriyasının fikrini uzun zamandır manipulyasiya edə bilib. Bir müddət əvvəl Paşinyan Qafanda danışıqlar masasında hansı məsələlərin olduğunu dedi, bu isə Ermənistan auditoriyasında şok effekti yaratdı. Dağlıq Qarabağ məsələsi ilə bağlı bu cür açıq debatlar olacağı təqdirdə auditoriyalar danışıqların real məzmununun nədən ibarət olduğunu, liderlərin nə dediklərini biləcəklər. Bu format isə Ermənistan rəhbərliyinin öz ölkəsini və dünya ictimaiyyətini aldatmaq imkanlarını məhdudlaşdıracaq. Nəticədə bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək.
- Sizcə, Paşinyanın eramızdan əvvəlki dövrə ekskursu nəyə hesablanmışdı?
- Ermənistan rəhbərliyi hiss edir ki, indiki dövrün arqumentləri puçdur və əsassızdır. 30-50 il əvvəl baş vermiş hadisələrlə bağlı çoxsaylı arxiv sənədləri vardır ki, onların əleyhinə getmək mümkün deyil. Amma eramızdan əvvəl olmuş hadisə ilə bağlı istənilən şeyi uydurmaq olar. Ona görə də Ermənistan siyasətçiləri və tarixçilərinin fikirlərində bəzən görürük ki, eramızdan əvvəlki dövrə istinad edirlər. Çünki onların o sahədə geniş imkanları var, hadisələri istədikləri formada təsvir edir, istədikləri məqamları deyirlər. Münaqişənin 1988-ci ildən başlayan son fazasında bütün məqamlar Azərbaycanın xeyrinədir. Ona görə də Ermənistan tərəfi tarixin bu qismindən danışmağa üstünlük vermir.
- Ermənistanın baş naziri çıxışı zamanı bir çox məqamlarda çaşdı. Onun hətta Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına qərar verdiyini deməsi debatı canlı izləyən azərbaycanlıların da reaksiyasına səbəb oldu. Ümumilikdə Paşinyanın debat boyu səsləndirdiyi ifadələr barədə qənaətiniz nədən ibarətdir?
- Panel müzakirəsi göstərdi ki, Paşinyan ingilis dilində bu cür açıq debata hazır deyil. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elə incə məqamlar var, açıq-aşkar hiss olunurdu ki, Paşinyan emosional və arqumental baxımdan zəifdir. Bəzən dili çaşırdı, demək istəmədiyi ifadələri belə deyirdi. Hətta bəzi ifadələri auditoriyanın gülüşünə də səbəb olurdu. Məsələn, Paşinyanın tez-tez mikroinqilablar deməsi həm Münhendəki, həm də sosial mediadakı auditoriyanın gülüşünə səbəb olmuşdu. Tvitter və digər sosial platformalardakı avropalı ekspertlərin rəylərinə diqqət edirdim, hamısında Paşinyanın bu arqumentləri və 2016-ci ilin aprelində baş verən hadisələri şişitmək cəhdləri bir növ qıcıq yaradırdı. Paşinyanın arqumental bazasının zəifliyi, təcrübəsizliyi ciddi şəkildə nəzərə çarpırdı. Avropalı ekspertlər vurğulayırdı ki, Azərbaycan Prezidenti İlham Əliyev arqumental baza və təcrübə baxımından öndədir. Bütün bu məqamlar göstərdi ki, Paşinyan bu cür debatlar üçün hazırlaşmalıdır. Bir erməni ekspert də etiraf etdi ki, baş nazir kostyumu Paşinyanın əyninə çox böyükdür, Paşinyan o kostyuma yerləşmək üçün böyüməli və böyüməlidir.