17 Fevral 2020 14:05
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələr zamanı Ermənistan baş nazirinin sərsəm çıxışları, eyni zamanda, qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə əlaqədar ictimaiyyətə yanlış formada məlumat çatdırılması beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının professoru, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədr müavini Elçin Əhmədov deyib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır:

“Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Prezident bunu panel müzakirələr zamanı tarixi faktlara əsaslanaraq, Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verib”.

E.Əhmədov qeyd edib ki, hələ bundan əvvəl - XIX əsrin əvvəllərində – 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının komandanı, general Pavel Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı:

“Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir. Nəticədə 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmən 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülüb, bu proses bütün XIX əsr boyunca davam etdirilib və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərib”.

Elçin Əhmədov daha sonra deyib:

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, tarixi faktların və beynəlxalq hüquq prinsiplərinin ermənisayaq təfsirindən başqa bir şey deyil. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni və heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumu tanıtmaq üçün göstərdiyi cəhdlər beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bununla yanaşı, əgər bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Livanda, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni qondarma erməni “dövlətləri” yaradıla bilər?! Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin ərazi bütövlüyü, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir”.

İcma rəhbərinin müavini bildirib ki, ümumilikdə, Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavab verib, başqa sözlə Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçib:

“Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər