Ötən həftənin sonunda Mühhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş görüş Tacikistan mediasının da diqqətindən yayınmayıb.
Teleqraf.com xəbər verir ki, Tacikistanda fəaliyyət göstərən “Avesta” nəşri görüş haqda geniş analitik material dərc edib.
“Əliyev-Paşinyan “dueli”: Paşinyan dərin nokauta göndərildi” başlıqlı məqalədə yazılır:
Ötən həftənin sonunda keçirilən ənənəvi Münhen Təhlükəsizlik Konfransı çoxları tərəfindən yadda qalacaq. Niyə? Çünki konfransda ilk dəfə olaraq, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın ictimaiyyət qarşısında debatı baş tutdu. Müzakirə mövzusu, Dağlıq Qarabağ məsələsi hər iki tərəfi maraqlandırır.
Əliyev və Paşinyan əvvəllər müxtəlif sammitlərdə, MDB və digər təşkilatlar çərçivəsində görüşsələr də, Münhendəki görüş tərəflərin açıq mövqeyi ilə, xüsusən də Azərbaycan tərəfinin konstruktiv və parlaq mövqeyinin nümayişi ilə yadda qaldı.
Müzakirələr zamanı Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin təkcə Azərbaycan üçün yox, bütün düyna üçün nə qədər vacib olduğunu sübut etdi. Qeyd edək ki, yarım saatdan çox davam edən müzakirə moderatorun iştirakı ilə ingilis dilində keçirildi.
Sosial şəbəkələrdə yayılan çoxsaylı video faktlara görə, hətta siyasi təcrübəsiz bir izləyici də müzakirəyə başlayan, onu konstruktiv şəkildə aparan Azərbaycan Prezidentinin ifadə etdiyi düşüncələrin, mülahizələrin və faktların inamını və aydınlığını hiss edəcək. Mövqeyi daha güclü olan tərəflərin arqumentlərini başa düşmək üçün ingilis dilini bilmək də lazım deyil. İlham Əliyevin sakitliyi, özünəinamı və Nikol Paşinyanın bir qədər çaşqınlığı, tərəflərin müzakirə olunan mövzuya nə qədər bələd olduğunu göstərir.
Müzakirəyə başlayan Azərbaycan lideri ilk dəqiqələrdən etibarən öz mövqeyini, ölkəsinin, bütün azərbaycanlıların mövqeyini açıqlayaraq “Dağlıq Qarabağ tarixən Azərbaycanın tərkib hissəsi olub” dedi. Fikrini möhkəmləndirmək üçün İlham Əliyev bölgənin son min illik tarixinə ekskursiya etdi, Bakının beynəlxalq qanunlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etdiyini vurğuladı.
Rəqibdən (Əliyevdən) fərqli olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözləri və mübahisələri səlis şəkildə ingilis dilində danışan İlham Əliyevin mövzuya dair üstün bilikləri, natiqlik, faktlara müraciət etmək bacarığı və siyasi iradəsi fonunda bir az qarışıq göründü.
Nikol Paşinyan Azərbaycan liderinin əsaslandırılmış arqumentlərinə cavab olaraq, Dağlıq Qarabağ probleminin mərhələli şəkildə həll edilməsi variantlarını təklif edərək, “30 illik münaqişənin 1-2 addımla həll edilə bilməyəcəyini” vurğulayaraq, “mini inqilab” təklif etdiyini bildirdi. İlham Əliyev də öz növbəsində mərhələli həll variantına qarşı olmadığını, yalnız Ermənistanın Dağlıq Qarabağı maliyyələşdirməsini dayandırmağı və qoşunlarını oradan çıxarmağı şərtilə güzəştlərə razı olduğunu bildirdi.
Bəli, qeyd etmək lazımdır ki, debat zamanı Azərbaycan Prezidenti erməni baş nazirə xatırlatdı ki, iki ölkə liderləri arasında bir neçə il əvvəl Davosda oxşar bir ictimai müzakirə olmalı idi, amma Paşinyanın sələfi son anda səfərini təxirə saldı. Bu, erməni tərəfinin qorxusu idi. Yəqin ki, Paşinyanın sələfi qarşıdakı açıq duelin onun xeyrinə olmadığını və rəqibin güclü mövqeyi qarşısında üzünü qızartmalı olacağını anlamışdı, məhz Paşinyan da belə bir hal yaşadı.
Əliyev qarşı tərəfə nisbətən ağır çəkidə döyüşürdü. İlham Əliyevin mübahisədəki mövqeyi birmənalı deyildi, ortada hamı üçün əlçatan sənədlər var, bunlar Dağlıq Qarabağın əslində Azərbaycan ərazisi olduğunu, indi Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyir. Yeri gəlmişkən, tarixi sənədlər də buna sübutdur. Erməni tarixçiləri George Burnutyan və Riçard Ovannisyan, Türkmənçay müqaviləsindən əvvəl, sonradan Ermənistana çevrilən ərazilərdə yaşayan əhalinin 80%-nin tatarlardan, yəni azərbaycanlılardan ibarət olduğunu yazırlar. XX əsrin əvvələrinə qədər Ermənistanın indiki paytaxtı İrəvan şəhərinin böyük əksəriyyəti müsəlman azərbaycanlılar idi. Bu bölgədələrdə həmişə demoqrafik vəziyyət Azərbaycanın xeyrinə olub.
Gücünü itirməyən digər əsas sənədlər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi dörd qətnamədir. Bu qətnamələrdə Nikol Paşinyanın müzakirə zamanı iştirak edənləri inandırmağa çalışdığı heç bir qınaq yoxdur, qətnamələrdə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələbləri var. İlham Əliyevin faktlarla göstərdiyi təzyiq altında Paşinyan üçün asan olmadı.
Müzakirəni diqqətlə izləyən erməni politoloqlar da Paşinyanın çaşqınlığını ört-basdır etmədi və açıq şəkildə bildirdilər ki, debat Ermənistanın baş nazirinin xeyrinə deyil.
Politoloq Andranik Tevanyan öz Feysbuk səhifəsində yazır:
“Paşinyanın müzakirə səviyyəsi “küçə nümayişləri ”ni xatırladırdı. Hətta zalda əyləşən xarici işlər naziri Məmmədyarov da gülürdü, bunun günahkarı Paşinyandır. Özü buna imkan verdi. Münhendə pərdəarxasında kimin necə davrandığı, kimin diktə etdiyi və kimin aşağıda dayandığı məlum oldu. Açıq desək, Paşinyan hazır deyildi və hiss olunurdu ki, “Münaqişənin həlli üç xalqa - Ermənistan, Qarabağ və Azərbaycana aiddir” boş formulundan əlavə onun başqa bir sözü yox idi. Natiqlərin tarixi və təbliğat xarakterli sözlərini bir kənara qoysaq, qeyd etmək lazımdır ki, Əliyevin danışıqlar tələbləri bir daha səsləndi və bir daha Paşinyanın tələbləri eşidilmədi. Əliyevin şahin xarakteri fonunda olan Paşinyan Qərbin gözündə xal toplamaq üçün “sülh göyərçini” kimi çıxış etməyə çalışır, amma bu, təhlükəli işğal faktı qarşısında mənasız bir gedişdir. Debat Paşinyan üzərində ağrılı bir psixoloji təəssürat yaratdı. Paşinyanın İrəvan və Xankəndi ilə bağlı iddiası gülüşlə qarşılandı. Paşinyan öz iddiasını sübut edə bilmədi, buna görə ermənilərdən başqa kimsəyə məlum olmayan Tiqranı xatırladı. Paşinyan beynəlxalq auditoriya qarşısındakı görünüşü ilə bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür! Çox!”.
Keçmiş müdafiə naziri Artak Zaxaryan da Paşinyan-Əliyev debatına laqeyd qalmadı:
“Mən heç vaxt Paşinyanın Qarabağ məsələsində müsbət irəliləyiş əldə edəcəyini və ya qərar verəcəyini gözləmirdim. Münhendə baş verənlər mümkün olan bütün ümidləri sarsıtdı. Aydındır ki, Paşinyan üçün Qarabağ məsələsi ilə bağlı fasilə vermək daha çətindir”.
“Mini inqilablar” haqqında özünü tərifləyən, özünü Azərbaycan xalqının arzularını yerinə yetirmək baxımından yeganə biri kimi təqdim edərək, hər kəsi güldürən uzun söhbətlərin mənası nə idi? Ermənistan bundan nə qazanır? Paşinyan o qədər sadəlövhdür ki, təriflənməklə danışıqlarda Ermənistan üçün qalib mövqe əldə edəcəyinə ümid edir?”
Paşinyan qeyd edir ki, beynəlxalq birlik münaqişənin hərbi yolla həll oluna bilməyəcəyini bildirməlidir. Bu min dəfə deyilib. Niyə qeyd etmir ki, Ermənistan beynəlxalq ictimaiyyətdən Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ üçün fürsət yaratmağı, bu hüququnu tanımağı gözləyir? Bunun əvəzinə Əliyev qeyd edir ki, beynəlxalq birlik Ermənistana qoşunları çıxarmaq üçün təzyiq göstərməlidir. Paşinyan isə heç nə deyə bilmir.
Əliyev bizə öz müqəddəratını təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Böyük Dəclə dövrünə qayıdır və orada olanlarda gülüş yaradır? Keçmişin xatirələrinin və tarixlə mübahisənin mənası nədir?”
Rusiyalı ekspert Dariya Qrevtsova isə yazır:
“Münhen konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı müzakirə möhtəşəm bir mənzərə idi. Bunu bütün dünya agentlikləri şərh edir. Bu, liderlərin hər birinin Dağlıq Qarabağ məsələsi ilə bağlı fundamental biliklərini göstərə biləcəyi əsl və açıq bir ictimai müzakirə idi. Müasir dünya siyasətinin ən yaxşı ənənələrindən biri olan bu möhtəşəm siyasi debatda Prezident İlham Əliyev şübhəsiz ki, qalib oldu”.
Qrevtsovanın fikrincə, İlham Əliyev bir neçə səbəbə görə qalib gəldi:
“Birinci səbəb, Azərbaycan Prezidentinin bir siyasətçi kimi daha təcrübəli və savadlı olmasıdır. Diplomatik işlərdə çox böyük təcrübəyə malikdir, çünki Azərbaycan, Bakı Humanitar Forumu, Sivilizasiyalar Alyansı forumu və digərləri kimi çox sayda beynəlxalq forumlar üçün bir platformadır. Bununla yanaşı, İlham Əliyevə arxasında duran əsas həqiqət də kömək etdi. Bu həqiqət ondan ibarətdir ki, dünyada heç bir ölkə nə Dağlıq Qarabağın Ermənistan tərəfindən ilhaqını, nə də Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu həqiqət, eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin yalnız bir icma (erməni icması) tərəfindən əsarət altına alınması, digər icmanın (Azərbaycan icması) ağır repressiyalara məruz qalması və qətl təhlükəsi altında doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmasıdır.
İlham Əliyevin həqiqəti budur ki, beynəlxalq hüquq Dağlıq Qarabağ ərazisində baş verən etnik təmizləmənin nəticələrini təsdiqləməyə qəti şəkildə qarşıdır. İlham Əliyevin həqiqəti Azərbaycanın indi Ermənistandan daha güclü olduğuna və hərbi yolla Dağlıq Qarabağa nəzarəti bərpa edə biləcəyinə əsaslanır, amma Azərbaycan illərdir ki, qanlı hərbi qətliam əvəzinə problemin mərhələli və dinc yolla həllini tapmağa çalışaraq nəhəng danışıqlar aparır və Dağlıq Qarabağın erməni icması üçün Azərbaycan daxilində xoşbəxt bir gələcək vəd edir”.
Müzakirələrin sonunda İlham Əliyev Paşinyanın Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək iddiası ilə bağlı çıxışına qanuni zərbə vurdu: “Öz müqəddəratını təyinetmə məsələsinə gəlincə, erməni xalqı öz müqəddəratını bir dəfə təyin edib, artıq bir erməni dövləti var. Məsləhətim, Azərbaycanda yox, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün başqa bir yer tapmaqdır”.
“Titanların döyüşü”ndə İlham Əliyev rəqibini dərin siyasi nokauta göndərdi və bunun ağrısı yaxın gələcəkdə bərpa oluna bilməyəcək.