MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Samirə Rəfullayevanın şikayətinin müzakirəsi zamanı şikayətçi dairə üzrə 1 saylı məntəqədə də ciddi qanun pozuntularının olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, MSK sədri Məzahir Pənahov həmin şikayət üzrə videogörüntünün olub-olmadığını soruşub.
S.Rəfullayeva belə bir videoya malik olduğunu bildirib.
İclasda 1 saylı məntəqədə baş verən pozuntulara dair görüntü monitorda nümayiş etdirilib.
Nəticədə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 1 saylı məntəqədə də səsvermənin nəticələri etibarsız sayılıb.
Beləliklə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə ümumumilikdə 5 - 1, 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb
***
16:27
MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov bildirib ki, S.Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək nəticələrin etibarsız sayılmasını xahiş edib.
Ancaq İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslərin etibarsız hesab edilməlidir:
“Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici hallar da aşkar edilib.
Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.
MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə - 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.