Teleqraf.com “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, siyasi analitik Arif Əliyevlə müsahibəni təqdim edir:
- Arif bəy, Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsində martın 31-də qanunsuz “prezident” seçkiləri keçiriləcək. Bu seçkiləri beynəlxaq aləm necə qarşılayacaq və ya qarşılamalıdır?
- Dağlıq Qarabağdakı “seçkilər” həm beynəlxalq hüquq, həm də Azərbaycanın daxili qanunvericiliyi baxımdan legitim əsaslara malik deyil və qanunsuzdur. Bura işğal edilən ərazidir. Sözsüz ki, Azərbaycan və Azərbaycana dost olan ölkələr işğal edilən Dağlıq Qarabağdakı “seçkiləri “tanımadıqları və bunun qanuna zidd olduğuna dair bəyanatla çıxış edəcəklər.
Bununla yanaşı, işğal edilən torpaqlarımızdakı “seçkilər” bir fakt kimi bir sıra məsələləri ortaya qoyacaq.
Birincisi, bu” seçkilər” Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejimin gələcək münasibətlərini müəyyən edəcək. Ermənistan bu məsələdən kənarda olduğunu, Dağlıq Qarabağdakı separatçı rejimin ayrı bir qurum olduğunu və “seçkiləri” də özlərinin keçirdiyini iddia etsə də, əslində bu “seçkilərin” necə bitəcəyi məsələsindərəsmi İrəvan maraqlıdır və onun nəticələrinə təsir göstərməyə çalışır. Söhbət ondan gedir ki, Dağlıq Qarabağ Ermənistanın indiki rejiminə əks gedənlərin toplaşdığı platformadır. Odur ki, Ermənistanın buradakı “seçkilərdə” müdafiə etdiyi qüvvə var, çalışır ki, onlar Xankəndində hakimiyyəti ələ keçirsinlər.
İkincisi, Paşinyanın düşmən saydığı Ermənistanın keçmiş prezidentləri bu “seçkilərə” ciddi yanaşır və onların Qarabağda dəstəklədiyi namizədlər var.
Odur ki, bu “seçkilər” bütövlükdə daha çox Ermənistanla Qarabağdakı separatçı rejimin münasibətlərinə təsir göstərəcək.
Fikrimcə, bu “seçkilərin” Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir imkanları görünmür.
- Ermənistanın Baş naziri Nikol Paşinyanla “Qarabağ klan”ı arasında savaşın getdiyi artıq faktdır. Bu mənada Paşinyan qanunsuz prezident seçkiləri vasitəsil Dağlıq Qarabağa nəzarəti ələ kerçirsə, nə baş verəcək?
- Əvvəla, Paşinyanın ölkə daxilində vəziyyəti o qədər də inamlı deyil. Onun özü də özünü inamlı hesab etmir. Məsələn, Köçəryanın həbsxanadan ardıcıl verdiyi müsahibələr, Sərksiyanın xaricdən verdiyi bəyanatlar, onların tərəfdarlarının daxildə Paşinyan əleyhinə apardıqları kampaniya, eyni zamanda mətbuatın böyük qisminin onları dəstəkləməsi sözsüz ki, Paşinyan üçün problemlər yaradır. İndi Qarabağ kartı Ermənistanın daxili siyasətində heç vaxt olmadığı qədər fəal istifadə edilir. Həm Ermənistandakı parlament seçkiləri dövründə, həm də indi separatçı rejimin “prezident seçkiləri” ərəfəsində bu, açıq hiss olunur.
Diqqət edirsinizsə, Paşinyana əsas ittiham odur ki, baş nazir Dağlıq Qarabağı satmağa hazırlaşır. Paşinyan da deyir ki, yox, ondan əvvəl Qarabağı satmağa hazır idilər, buna görə cinayət işi də açılıb və s. Odur ki, indi Paşinyan maraqlıdır ki, onun Ermənistanda həyata keçirdiyi siyasəti dəstəkləyən və tətbiq edən qüvvələr Qarabağda hakimiyyəti ələ alsın. Yox, əgər digər qüvvələr Xankəndində möhkəmələnərsə, Paşinyan hər tərəfli təzyiqləri hiss edəcək.
- Rusların bu “seçkilərə” münasibəti necədir, hansı qüvvəyə “stavka” edirlər?
- Rusiyanın Qafqazda maraqlarının olmadığı bir bölgə yoxdur. Hər yerdə onun maraqları var və proseslərə müdaxilə edir. Amma hesab edirəm ki, üçüncü qüvvəni dəstəkləmək və onu ortaya qoymaq Rusiyaya lazım deyil.Rusiya dəfələrlə bu və ya digər formada göstərib ki, Qarabağdakı mövcud vəziyyətin və oradakı şəxslərin saxlanılmasında maraqlıdır. Yəni indiki siyasəti yürüdən şəxsləri.
- Paşinyan öz adamını separatçı rejimin başına gətirə bilməsə və qanunsuz seçkilərdə uduzan tərəf olsa, bu, onun üçün hansı situasiya yaradacaq?
- Əgər, “seçkiləri” uduzsa, ona daxildə ciddi problemlər yaranacaq. Çünki bu hal yalnız Qarabağdakı qüvvələr deyil, eyni zamanda Ermənistandakı qüvvələrin də fəallaşmasına səbəb olacaq. Həm də bu durum Paşinyanın Qarabağ danışıqlarında mövqeyini xeyli zəiflədəcək. O baxımdan ki, Qarabağ danışıqlar zamanı hansısa planların ortaya qoyulması zamanı Paşinyan məsuliyyəti üzərinə götürməkdə ehtiyatlanacaq.
- Paşinyanın “seçkiləri” Qarabağ klanına uduzması ona qarşı duran müxalif qüvvənin revanşına səbəb ola bilərmi?
- Bu ola da, olmaya da bilər. Hər şey bir çox hadisələrin gedişindən asılı olacaq. Ermənistanda Paşinyana qarşı narazılıqların bir neçə əsası var. Onlardan ən mühümü Qarabağdırsa, digəri Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərə əməl etməməsidir. Sonuncu bütün reformatorların qarşısında dayanan çətinlikdir ki, onlara qarşı daim istifadə olunur. Digər tərəfdən, Paşinyanın heç də uğurlu olmayan kadr siyasətini qeyd etmək olar. Fikrimcə, bu əsaslarda müəyyən narazılıq dalğası var. “Seçkilərin” nəticəsi həmin təbəqəyə əlavə bir əsas verə bilər.
- Hazırda həbsdə olan Köçəryanın iddia və imkanlarını necə qiymətləndirirsiniz?
- Köçəryan həbsxanada oturmasına baxmayaraq, belə təəssürat yaranır ki, onun ölkdəki müəyyən şəxslərlə, eləcə də media ilə əlaqəsi heç də Paşinyanın əlaqələrindən zəif deyil. Digər tərəfdən, Rusiya tərəfinin ona dəstək verməsi müşahidə edilir. Odur ki, Köçəryan indiki erməni hakimiyyəti üçün ciddi təhlükədir. Ancaq mən Köçəryanın yenidən əvvəlki mövqeyinə qayıda biləcəyi və Ermənistanda hakimiyyəti götürə biləcəyinə inanmıram. Əgər söhbət hansısa bir mənada Paşinyanın hakimiyyətdən uzqlaşdırılmasından gedirsə, fikrimcə, onun yerini tutacaq şəxs Köçəryan olmayacaq.
İkincisi, mən Köçəryanın yenidən hakimiyyətə qayıtmasını Azərbaycan üçün uğurlu hesab etmirəm. Mənə elə gəlir ki, hakimiyyətdən gedib sonra iqtidara qayıdan və xüsusilə Qarabağ konteksindən istifadə edən qüvvə bizim üçün Qarabağ danışıqlarında daha qeyri-münasib tərəfdaş olardı.
- Sual yaranır: siz Ermənistanında hansı qüvvəni Azərbaycan üçün daha münasib hesab edirsiniz?
- Əgər konkret mənim Ermənistanda namizədimin olduğunu soruşursunuzsa, mənim elə bir namizədim yoxdur. Orada bizim üçün əlverişli tərəf onsuz da yoxdur. Əlbəttə, söhbət taktiki yanaşmalardan gedə bilər.Bir daha qeyd edirəm, Qarabağ problemini həll etmək istəyindən yox, bu amilin daha çox daxili siyasətdə istifadə edilməsi istəyindən gedə bilər. Odur ki, mən Ermənistanda hansısa siyasi qüvvənin olduğunu və onun hakimiyyətə gələcəyi təqdirdə Qarabağ probleminin həlli prosesini sürətləndirə biləcəyini deyə bilmərəm. Biz bilməliyik ki, Azərbaycan özü müəyyən addım və siyasəti ilə öz mövqelərini gücləndirə bilər. Ermənistandakı hakimiyyət dəyişiklikləri heç vaxt bizim mövqeyimizi gücləndirməyəcək. Ermənistanda siyasətçilərin sağçı, solçu, liberal, demokrat və ya qeyri-demokrat olmasından asılı olmayaraq, bizə münasibət eynidir.
Bəzən bizim probemin həlli ilə bağlı Ermənistanın ayrı-ayrı liderləri haqqında düşüncələrimiz stereotiplərə söykənir. Mənə elə gəlir ki, Petrosyan haqqında belə düşüncələr də elə stereotiplərə əsaslanırdı. Zamanında Petrosyan hansısa qərar qəbul edəndə bunu erməni xalqının istəyi və ya tarixi ədalət naminə etmirdi. Ona görə edirdi ki, mövcud şərait ondan bunu tələb və diktə edirdi. İndi həmin şərait yoxdur. Bu şəraitdə dəyişikliklərin olmasını nəzərə almalıyıq.