21 Fevral 2020 14:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya-Azərbaycan əməkdaşlığı Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu istiqamətin mühüm potensialı ondan ibarətdir ki, İtaliya ilə əlaqələrin inkişaf etməsi həm ölkənin daxilində iqtisadiyyata, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun ikişafına öz töhfəsini verə, həm də dünya miqyasında Azərbaycanın diplomatik manevr imkanlarının daha da yaxşılaşmasına, mövqelərinin möhkəmlənməsinə müsbət mənada təsir göstərə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərindən bəhs edən Aydın Quliyev qeyd edib ki, İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin əvvəlindən Azərbaycanı qane edən mövqedən, yəni beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edib:

“Hətta, Dağlıq Qarabağ probleminin ilkin mərhələsində Azərbaycanın maraqlarına uyğun bəzi beynəlxalq sənədlərin qəbul olunmasında İtaliya mühüm rol oynayıb. İtaliyadan olan həmsədr Qarabağ probleminin həlli əsasında proseslərə həmişə müsbət təsir göstərməyə çalışıb”.

Müsahibimiz bildirib ki, sonrakı illərdə isə İtaliya Azərbaycanın NATO, Avropa İttifaqı, onun ayrı-ayrı ölkələri ilə münasibətlərinin, əlaqələrinin dərinləşməsinə hər zaman töhfə verməyə çalışıb:

“Bir sözlə, nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın qeyri-neft sektoru sahəsində inkişafına İtaliya kimi böyük potensialı olan ölkələrin iştirakına ehtiyac var. Bu nöqteyi-nəzərdən İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının ölkəmizə böyük faydaları dəyəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-20-də İtaliyada dövlət səfərində olub. Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Cüzeppe Konte, Senatın sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub. Azərbaycan Prezidenti və İtaliya Nazirlər Şurasının sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıb və mübadilə ediblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər