23 Fevral 2020 14:00
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz praqmatik və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin səmərəli geostrateji nəticələri bunun bariz nümunəsidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bəhs olunan aşkar reallıqların fonunda istər regional, istərsə də qlobal miqyasda mühüm təsir imkanları və mexanizmlərinə malik olan müstəqil milli dövlətlər, eləcə də beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi çıxış edən ölkələr tərəfindən Azərbaycanın dünya siyasətində fəal rolu yüksək qiymətləndirilir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir: "Bu baxımdan, Avropanın lokomotiv aktorlarından olan İtaliyanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da İtaliya ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Heç şübhəsiz, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir".

Əlamətdar haldır ki, bu səfər cari ildə İtaliyaya xarici ölkələrin dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Bu fakt İtaliyanın Azərbaycanla dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsi, əyani ifadəsidir. Dövlət başçısının bəhs olunan ölkəyə səfəri zamanı keçirilən görüşlər və imzalanan çoxsaylı sənədlər iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın yüksək səviyyədə olmasını əks etdirir. Azərbaycan Prezidentinin italiyalı həmkarı Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kaselatti və eputatlar Palatasının sədri Roberto Fiko ilə görüşləri zamanı səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin həm də yaxşı perspektivlərə malik olmasını təsdiq edir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Onun sözlərinə görə, ən mühüm məqamlardan biri "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin imzalanmasıdır. Sənəd bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Birgə Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə etmələri isə strateji əhəmiyyətə malikdir.

YAP İcra katibinin müavini söyləyib ki, sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi tarixi önəm kəsb edir: "Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyanın diqqətində olan 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan Prezidenti tərəfindən tarixi, hüquqi və siyasi reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə qətiyyətlə çatdırılmasındam sonra sözügedən strateji sənəddə ölkəmizin haqlı və ədalətli mövqeyinə dəstək xarakterli müddəaların əksini tapması növbəti mühüm diplomatik nailiyyətdir. Başqa sözlə, Avropa İttifaqının aparıcı ölkələrindən biri ilə imzalanmış Birgə Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarlar əsasında həll olunmasınin göstərilməsi Azərbaycanın ardıcıl və məqsədyönlü strateji diplomatiya siyasətinin çox əhəmiyyətli uğurudur. Birgə Bəyannamədə əksini tapmış mühüm məsələlərdən biri tərəflərin Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında tamamlanması üçün səylər göstərəcəklərini ifadə etmələridir. Bu, heç şübhəsiz, regional və beynəlxalq təhlükəsizlik, o cümlədən Avropanın enerji təhlükəsizliyi baxımından olduqca önəmlidir. Çünki TAP Cənub Qaz Dəhlizinin tam fəaliyyət göstərməsinə, Azərbaycan qazının Avropaya çatdırılmasına yeni imkanlar yaradacaq. Beləliklə, təbii qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi ilə Avropa enerji təhlükəsizliyi möhkəmləndirilmiş olacaq. Bütövlükdə, Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycanın İtaliya ilə sıx əməkdaşlığı strateji xarakter daşıyır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər