Xocalı faciəsi bütün bəşəriyyətə, xüsusilə də müsəlmanlara qarşı törədilmiş faciədir. Biz həmin qanlı gecədə dinc və əliyalın Xocalı sakinlərinin vəhşiliklə öldürülməsini pisləyir və İran xalqı olaraq Xocalı faciəsi ilə əlaqədar Azərbaycanın kədərinə hər zaman şərikik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə SpaceTV-yə açıqlamasında deyib.
O, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı faciəni 1980-ci ildə başlayan və 8 il davam edən İraq-İran müharibəsi ilə müqayisə edib: “Bu çətinlikləri bilirik və sizin dərdinizi canımızla, ürəyimizlə hiss edirik. Azərbaycan qonşu ölkə deyil, qardaş ölkədir. Bir-birimizə mənəvi cəhətdən bağlıyıq. Azərbaycanın narahatlığını öz narahatlığımız bilirik. Qadınların, uşaqların şəhid edilməsi bizi də narahat edir, sizin uğurlarınız və inkişafınız bizi şad edir. Regionda və bütün dünyada bu cür hadisələrin baş verməməsini diləyirik”.
Səfir dünyanı cənginə alan koronavirusun İranda yayılması barədə də danışıb.
Diplomat koronavirusun Qum şəhərində genişləndiyini, İranda hər hansı ərazinin karantinə alınmadığını deyib. Cavad Cahangirzadə koronavirusa yoluxan məsul şəxslərin də olduğunu söyləyib.
O, Ermənistanın İranla sərhədlərinin bağlanması məsələsinə də toxunub: “Biz Azərbaycanla canıq, ciyərik, qohumuq, məhəbbət rişələrimiz çoxdur. Bunun regionda tayı-bərabəri yoxdur”.