28 Fevral 2020 13:53
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib ətrafında Bəşər Əsədin hücumlarını dayandırmaq məqsədilə dövrəyə girən türk əsgərləri bombardmançı təyyarələrin hücumuna məruz qalıb. Nəticədə 33 əsgər şəhid olub, 36 əsgər isə yaralanıb. Buna rəğmən, Bəşər Əsədə bağlı qüvvələrə sarsıdıcı zərbə endirilib. Türk ordusu Bəşər Əsəd və müttəfiqlərinin 1709 hərbçsini, 55 tankını, 3 helikopterini və 18 zirehli maşın və xeyli sayda artilleriya qurğusunu məhv edilib. Bu gecə baş verən qanlı toqquşmalardan sonra Moskva-Ankara münasibətlərində də gərginlik nəzərəçarpacaq dərəcədə hiss olunmağa başlayıb.

Teleqraf.com-un mövzu ilə bağlı sullarını Türkiyədə yaşayan professor, siyasi şərhçi Toğrul İsmayıl cavablandırıb.

- Toğrul bəy, İdlibdə baş verən son hərbi qarşıdurmaları yaxından izləmisiniz, bütün gecəni türk kanallarında canlı yayımda olmusunuz. Bu gecə İdlibdə baş verənləri necə qiymətləndirirsiniz?

- Bilirsinizmi, bundan əvvəl də İdlibdə qarşıdurma olmuşdu. Əvvəl türk əsgərləri orada vurulmuşdu. Ötən gün Türkiyə tərəfi bunun da cavabını verməyə başladı və bu zaman bombardmana məruz qalır. Nəticədə 33 əgər şəhid oldu. Rusiya tərəfindən açıqlama gəldi ki, bu işin içində biz yoxuq. Dolayısı ilə İdlibdə baş verənləri Türkiyə və Suriyanın üzərinə atdı. Real vəziyyət bundan ibarətdir.

- Bundan sonra Türkiyə Rusiya ilə münasibətlər fonunda hansı addımlar ata bilər, nələr gözlənilir?

- Əslində Rusiya ilə münasibətlərin necə olduğunu siyasi elita yaxşı bilir. Burada xəyal qurmağa ehtiyac yoxdur. Mən düşünmürəm ki, Türkiyə şəhid məsələsinin, bu itkilərin üzərindən sükutla keçəcək. Əsla belə şey olmayacaq. Şəhidlərin qisası alınacaq və Bəşər Əsəd rejimini vurmaqda davam edəcək. Ancaq Rusiya və Türkiyənin açıq şəkildə qarşı-qarşıya gələcəyini düşünmürəm.

- Dünənki hadisə ilə bağlı ABŞ-ın bəyanatı oldu, NATO-dan açıqlama verildi. Qərbin son hadisələrə reaksiyası barədə nə düşünürsünüz?

- Əslində Qərb strukturları və dövlətləri tərəfindən gələn reaksiya normaldır. Qərb hər dəfəki kimi ikitərəfli oyun oynayır. Bu tərəfdən bəyan edir ki, Türkiyənin yanındayam, digər tərəfdən tərəfləri barışa, atəşkəsə səsləyir və s.

- Bu gün Türkiyənin tələbi ilə NATO-nun fövqəladə toplantısı çağırılıb. Bu toplantıdan nələr gözlənilir?

- Toplaşacaqlar, müzakirə edəcəklər. Türk əsgərlərinə İdlibdə edilən hücuma görə Əsədi və onun müttəfiqlərini qınayacaqlar, tərəfləri atəşkəsə səsləyəcəklər.

- Son hadisədən sonra Türkiyənin İdlib istiqamətində addımları nədən ibarət olacaq?

- Türkiyə sona qədər Bəşər Əsəd rejimindən Soçi razılaşmasına riayət etməyi, razılaşamaya qədərki sərhədlərə çəkilməsini istəyəcək. Açığı, Bəşər Əsəd rejimi bunu etmək istəmir. Çünki Rusiyaya güvənir. Ona görə də belə konfliktlər ortaya çıxır.

- Demək istəyirsiniz ki, bundan sonra da Türkiyə İdlibdə Bəşər Əsəd qüvvələrinə zərbələr endirəcək və bu zaman da ortaya ruslar çıxacaq?

- Bilirsinizmi, əvvəl-axır İdlib mövzusunda tərəflər razılaşmağa məcburdur. Bunun başqa variantı yoxdur. Yəni bu şəkildə sona qədər davam edə bilməz.

- Tehranda Türkiyə, İran və Rusiya liderlərinin görüşü nəzərdə tutulur. Belə bir görüş ərəfəsində Türkiyə-Rusiya münasibətlərində gərginlik, faktiki hərbi qarşıdurma nəyə xidmət edir?

- Tərəflər hərbi, diplomatik, siyasi səhnədə oyunları davam etdirir. Görüş ərəfəsində Rusiya sahədə qazanmış kimi görünə bilir. Masada əyləşib müzakirə apardığın zaman qarşındakından üstün olmağın lazımdır. Əslində məsələlərin bu cür davam etməsinin bir səbəbi də masa arxasında güclü görünməkdir.

- 33 şəhid verən Türkiyə tərəfinin açıqlamasında qeyd edilir ki, bu gecə İdlibdə baş verən qarşıdurma zamanı Bəşər Əsəd ordusunun 1709 hərbçisi, 55 tankı, 3 helikopteri, 18 zirehli maşın və xeyli sayda top məhv edilib. Bunlar dəqiq rəqəmlərdir?

- Qarşı tərəfdən öldürənlərə əsgər də demək doğru olmur. Çünki qarşı tərəfdə rejim əsgərləri ilə yanaşı iranlı və rusiyalı muzdlu döyüşçülər var. Əslində onlar da terrorçu qruplardır.

Türkiyə tərəfi hədəfləri vurarkən, görmə məsafəsindən hesablayır. Hesablanması mümkün olmayanlar da ümumi rəqəmin üzərinə gələ bilər. Türkiyədə belə məsələlərə dair heç vaxt səhv informasiya verilməz. Yanlış informasiya verilən zaman sizin düzgünlüyünüz şübhə altına düşə bilər. Qeyd edim ki, dünən islam aləmində müqəddəs gün idi, müsəlmanlar ibadət edirdi. Belə bir gündə 33 şəhid xəbərinin gəlməsi yaxşı hal deyildi. Amma fərqli çıxışlar olsa da, Türkiyədə bütövlük və bərabərlik var. İnsanlar vəziyyəti anlayır və əsas məsələlərdən biri də şəhidlərin qanının yerdə qalmamasıdır. Hər kəs anlayır ki, bu cür hadisələr müharibədə olur. Təyyarə hücumu, artilleriya zərbələri olanda itkilər də çox olur.

- Türkiyənin Suriyadan, ələlxüsus İdlibdən geri çəkilmə ehtimalı nə dərəcədədir?

-Yox. Belə bir məsələ söhbət mövzusu ola bilməz.

- Rusiya Müdafiə Nazirliyinin İdliblə bağlı açıqlamasında bəyan edilir ki, rus təyyarələri bu prosesdə iştirak etməyib. Sizcə, bu nə dərəcədə doğru və etimad ediləcək bəyanatdır?

- Söhbət rus qırıcılarından deyil, bombardmançı təyyarələrindən gedir. Əlavə edirlər ki, biz orada türk əsgərlərinin olduğunu bilmirdik. Bir növ Rusiya özünü haqlı çıxararaq, hadisələri Suriya və Türkiyənin üzərinə atır. Konkret rus təyyarələri məsələsinə gəldikdə qeyd edim ki, rus təyyarələri olmayıb. Rəsmi informasiya belə deyir.

- Türk əsgərlərini kimin təyyarəsi bombardman edib?

- Bilirsinizmi, burada diplomatik dil var. Ruslar hadisəni başından atır. Türkiyə tərəfi də rəsmi açıqlamasında buna görə, Rusiyanı qınamır. Filankəs edib deyilir. Diplomatiyada hər bilinən sözü deməzlər. Bu ona görə edilir ki, Türkiyə və Rusiya açıq şəkildə qarşı-qarşıya gəlməsin. Yəni hər iki tərəf açıq qapı buraxır. Türkiyə müharibə istəsəydi, həmən Rusiyanı ittiham edər, türk boğazlarını bağlayar, hava məkanını qapadardı. Bu halda Rusiyanın Suriya ilə əlaqələrini necə quracağı da maraqlı olardı.

- Suriya rejiminin lideri Bəşər Əsəd İdlib mövzusunda sərt və radikal addımlar atır. Sizcə, Əsəd gələcəyi, bundan sonra da qonşu olacağı Türkiyə ilə kompromis haqqında fikirləşmirmi?

- Bildirim ki, bu tip rejimlər əvvəla, insanlar haqqında düşünməzlər, gələcəyi görməzlər. Özlərindən savayı heç nəyi görmədikləri üçün hər addımı atarlar.

- Hazırda Suriya ərazilərində nə qədər türk əsgəri var?

- Bunu dəqiqliklə bilmirəm. Ancaq bu o qədər də əhəmiyyətli deyil. Önəmli olanı odur ki, Türkiyə Suriya ilə qonşudur və Rusiyadan fərqli olaraq, istədiyi zaman oraya sürətli əsgərlər göndərə, dislokasiya həyata keçirə bilər. Bu bir həqiqət, reallıqdır. Odur ki, Rusiyanın Suriya vasitəsilə Türkiyə ilə savaş aparacağını düşünmürəm. Həm də bu bölgədə Rusiyanın belə bir gücü, imkanı və istəyi yoxdur.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər