“Suriya və İdlib ətrafındakı vəziyyət çox gərgindir. Gərginliyin artmasında Əsəd rejiminin adı hallansa da, əsas savaş Rusiya və Türkiyə arasında gedir. Bunu hər kəs bilsə də, dilə gətirə bilmir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, iki güclü dövlətin – Rusiya və Türkiyənin açıq savaşa girməsi, qlobal problemlər yarada bilər:
“Son hücumlarda türk ordusunun ağır itki verməsi də bundan qaynaqlanır, Türkiyə 33 hərbçisini itirdi. Səhər Suriya-Türkiyə sərhədləri yenidən açıldı. Yük maşınları, zirehli texnikalar və hərbi qüvvələr Suriya ilə sərhədlərə hərəkət etməyə başlayıb.
Səhərədək Prezident Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda bölgədəki son vəziyyət və gələcək planlar müzakirə olunub. Hücumlara baxmayaraq, Türkiyə geri çəkilmək niyyətinə deyil. Prezident Ərdoğan da, şəhidlərin qisasının alınacağı sözünü verdi. Əlbəttə gözlənilən cavaba uyğun olaraq, Rusiya tərəfi bombardman edilən ərazidə türk hərbi qüvvələrinin olduğunu bilmədiyini iddia edir. Lakin bunun reallığı əks etdirdiyini düşünmürəm. Amma Rusiyadan verilən başqa bir rəsmi açıqlamada Türkiyə geri çəkilməyə çağırıldı və bildirildi ki, Türkiyə geri çəkilməsə, bu, daha böyük dağıntılara və itkilərə səbəb ola bilər”.
Ramiyə Məmmədova artıq NATO-nun da baş verənlərə səssiz qalmadığını bildirib:
“NATO-dan Türkiyəyə dəstək bəyanatı verilib. Əlbəttə indiki vəziyyətdə NATO-dan Türkiyəyə açıq dəstək veriləcəyi gözlənilən deyil. Alyansın nizamnaməsinə uyğun olaraq, Türkiyə ərazilərinə açıq müdaxilə olacağı halda, NATO açıq dəstək nümayiş etdirə bilər. NATO indiki halda məsələnin diplomatik yolla həllinin tərəfdarı kimi çıxış edir.
Ötən gün gecə saatlarında isə Ərdoğan suriyalı qaçqınlar üçün Türkiyə-Avropa sərhədlərinin açılması göstərişini verdi. Türkiyə bununla diqqəti bu məsələyə çəkmək istəyir. Bundan sonra Avropanın Türkiyəyə yardım əli uzadacağı mümkün ola bilər.
Qeyd etdiyim kimi, İdlib ərafındakı gərginlik pik həddə qalxıb, bunun da əsas səbəbi Hələb və Dəməşqi bir-birinə birləşdirən M4 və M5 yollarına nəzarət uğrunda gedən savaşdır. Artıq bir neçə gündür yolların yerləşdiyi bölgədə qarşıdurmalar gedir. Bu iki yolun alınması Türkiyə üçün vacibdir, yəqin ki, bu istəyinə də nail olacaq. Türkiyə öz daxili təhlükəsizliyini təmin etmək üçün İdlib məsələni həll etməyə məcburdur”.