Artıq bir neçə həftədir ki, Suriyanın İdlib bölgəsi ətrafında Türkiyə ilə Əsəd rejimi, İran Silahlı Qüvvələrinə daxil olan müxtəlif qruplar, eyni zamanda Rusiya Hərbi Hava Qüvvələri arasında gərgin vəziyyətin şahidiyik. Məsələ ondadır ki, Türkiyə tərəfinin məlumatına görə, martın 5-də Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tutmalı idi. Çox güman ki, bu görüşdə İdliblə bağlı məsələ öz həllini tapacaqdı. Lakin Putinin bu görüşdən imtina etməsi onu göstərir ki, Rusiya tərəfi Türkiyənin davranışından ciddi şəkildə narazıdır. Kreml ətrafında Suriya məsələsində cavabdeh olan şəxslər Rusiya Prezidentini İdlib və Suriyanın şimalı məsələsində Türkiyəyə güzəştə getməməyin vacibliyinə inandıra biliblər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, əlbəttə, İdlib ətrafında baş verənlər əslində Əsəd və Türkiyə arasında deyil:
“Çünki Əsədin bu gün hansı qüvvələr tərəfindən idarə olunduğu bəllidir. Digər tərəfdən təbii ki, son vaxtlar Rusiya və Türkiyə arasında münasibətlərin pozulmasında əsas maraqlı olan ölkələrdən, qüvvələrdən biri kimi mütləq şəkildə ABŞ-ı qeyd etməliyik. Bu, ABŞ-ı sevindirən bir məsələdir. Çünki istər S-400-lər məsələsi, istərsə də Türkiyənin geosiyasi və geoiqtisadi istiqamətlərini son illərdə Rusiya tərəfə yönəltməsi bu regionda geosiyasi konfiqurasiyanın ciddi şəkildə dəyişməsinə gətirib çıxara bilərdi. ABŞ-ın istər Türkiyədə, istərsə də Rusiyada maraq dairəsində olan şəxslər var. Bir sözlə, hər iki ölkədə Türkiyə-Rusiya münasibətlərinin pozulmasını istəyən kifayət qədər qüvvələr var ki, onların provokativ addımlara getməsi də istisna olunmur. 2015-cı ildəki Rusiyaya məxsus Su-24 təyyarəsinin Suriya səmasında vurulması da provokasiyanın bir hissəsi idi”.
Z. Məmmədov bildirib ki, bundan sonra nələrin baş verəcəyini Türkiyənin atacağı addımlar göstərəcək:
“Çox təəssüf ki, Türkiyə bütün istiqamətlərdə, bütün vektorlarda təklənib. Baxmayaraq ki, bu gün NATO-nun Suriya ilə bağlı iclası keçiriləcək. Türkiyənin NATO üzvü olmasına baxmayaraq alyansdan ciddi hərbi və siyasi dəstək görmürük, halbuki bu, Ankara üçün olduqca vacibdir”.
Müsahibimiz qeyd edib ki, maraqlı məqamlardan biri İsrailin də Türkiyə ilə eyni vaxtda Əsəd qüvvələrinə hücum etməsidir:
“İsrail raketləri Əsəd ordusunun bir neçə mövqeyini hədəfə alıb. İsrail-Türkiyə münasibətləri mütləq şəkildə düzəlməlidir. Biz özümüz də şahidi olduq ki, Ərdoğanın Davosdakı məşhur çıxışından sonra İsrail-Türkiyə münasibətlərinin pozulması heç də ərəb dünyasının, ərəb siyasi establişmentinin Ankaranın yanında yer almasına gətirib çıxarmadı. Ümumiyyətlə, bu gün ərəb dünyasında həmrəylik yoxdur. Onlar heç bir siyasi və iqtisadi çəkiyə malik olmadıqlarından regionda kifayət qədər güclü olan və geosiyasi maraqları üst-üstə düşən İsrail-Türkiyə maraqlarının uzlaşdırılması və mövqelərinin yaxınlaşdırılması olduqca vacib məsələlərdən biridir”.
Politoloq onu da bildirib ki, həm Rusiya, həm də Türkiyə münasibətlərin pozulmasında maraqlı olmamalıdırlar:
“Çünki istər Türkiyə, istərsə də Rusiya son 3-4 il ərzində göstərdilər ki, öz maraqlarını uzlaşdıraraq hər iki dövlətin maraqlarını reallaşdıran layihələrə imza ata bilərlər. Bu istiqamətdə görünür ki, Türkiyə və Rusiya arasında yenidən bu bağları bağlaya biləcək qüvvələrə ehtiyac var. Ötən dövrdə Rusiya-Türkiyə münasibətlərinin düzəlməsində Azərbaycanın da rolu olmuşdu. Görünən odur ki, tərəflərin bir-birinin psixologiyasını daha yaxşı anlaması və mühitin bir qədər dəyişməsi üçün yenidən görüşlərin təşkil olunması vacibdir. Hər kəsə məlumdur ki, Rusiya və Türkiyə liderləri öz davranışlarına görə bir-birlərinə çox bənzəyirlər. Amma məlum məsələdir ki, onlar bu dəfə bir-birlərinə kompromisə getməsələr, o zaman hər iki tərəfin uduzacağı hallar baş verə bilər”.