"Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilənlər dəhşətlidir".
Teleqraf.com xəbər verir ki, bunu fransalı polkovnik, beynəlxalq strategiya üzrə ekspert Alən Korvez (Alain Corvez) deyib.
O, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiklərini qəddarlıq adlandırıb və bunu pisləyib: "Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə çoxdan tanışam. Münaqişənin səbəbləri və həlli yolları məni hər zaman düşündürüb".
A.Korvez Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun, həmçinin Fransanın roluna da toxunub və onların fəaliyyətini pisləyib: "Təəssüf ki, ATƏT-in Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. Bu qrupun xoş niyyətlərinə, münaqişəni həll etmək istəyinə şübhəm yoxdur. Lakin fəaliyyəti bu günə qədər nəticə verməyib. Ümumiyyətlə, Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki rolunun nədən ibarət olduğunu anlamıram. Münaqişənin nizamlanmasına Azərbaycan və eyni zamanda Ermənistanla sıx və gözəl münasibətlər qurmuş bir ölkənin cəlb edilməsi gərəkdir".
Qeyd edək ki, A.Korvez 1989-1994-cü illərdə Fransa Daxili İşlər Nazirliyinin beynəlxalq əlaqələr üzrə müşaviri, 1988-1989-cu illərdə BMT-nin Cənubi Livandakı qüvvələrinin baş komandirinin müşaviri, 1986-1988-ci illərdə isə Fransa Müdafiə Nazirliyində müşavir vəzifələrində çalışıb. O, Fəxri legion cəngavəri mükafatına layiq görülüb.