29 Fevral 2020 12:31
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində fevralın 28-də Bakıda keçirilən nazirlərin iclası sayca altıncı iclas idi. 2015-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə birinci iclasın keçirilməsi “Cənub Qaz Dəhlizi”nin ilk ilinə həsr edilmişdi. Məqsəd, çox mürəkkəb bir layihənin – istər “Şahdəniz-2” layihəsinin hasilatı, istərsə də o hasilatdan əldə ediləcək qazın dünya bazarlarına çıxarılmasını təmin edəcək infrastrukturun yaradılması kimi məsələlərin həlli idi.

Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, bu sahə üzrə mütəxəssis İlham Şaban deyib.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində fevralın 28-də Bakıda keçirilən nazirlərin VI iclasının yekunlarını şərh edən İlham Şaban qeyd edib ki, ilk vaxtlar burada ümumilikdə 7 ölkənin iştirakı nəzərdə tutulurdu, sonuncu toplantıda isə 13 ölkə iştirak etdi:

“Nazirlərin iclası, həmçinin, şirkətlərin, hökumətlərin, dövlətlərin bir-biriləri ilə kommunikasiyasını, inteqrasiyasını əhatə etməyi və qarşıya çıxacaq hər hansı problemin operativ şəkildə həllinə yardım etmək funksiyasını yerinə yetirməyi nəzərdə tuturdu”.

İlham Şabanın sözlərinə görə, Azərbaycan tərəfi əvvəllər həyata keçirdiyi layihələrin təcrübəsindən çıxış edərək bilirdi ki, irimiqyaslı kommersiya layihələrini təkcə kommersiya qurumlarının öhdəsinə buraxdıqda onların uğurla başa çatdırılması heç də mümkün olmur:

“Düzdür, başa çatdırmaq olar, ancaq heç də nəzərdə tutulan zamanda mümkün olmur. Bax, buna görə də zaman göstərdi ki, məhz Azərbaycanın irəli sürdüyü, hər ilin fevralında bütün maraqları tərəfləri bir araya toplayaraq orada bu layihə ilə bağlı fikir mübadiləsinin aparılması, ötənlərə nəzər salınması, qarşıda duran vəzifələrin nədən ibarət olduğunun açıqlanması, belə platformanın yaradılması həqiqətən də çox vacib bir elementdir. O ki qaldı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına, bu artıq finiş idi. Əgər, 2015-ci ildə keçirilən birinci ilə həsr olunmuş iclas uzun müddətdə – üfüqdə nələrin olacağını görürdüsə, artıq 2020-ci ildə hansı işlərin görüldüyünə dair hesabatlar verilirdi. Artıq hasil edilən qaz bazarlara çıxarılır və 2021-ci il onun son nöqtəsidir. Yəni, Transadriatik Boru Kəməri (TAP) də hazır olacaq və Avropa bazarlarına artıq Azərbaycan qazı gedəcək. Bu baxımdan qeyd etmək olar ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində fevralın 28-də Bakıda keçirilən nazirlərin VI iclası başlanğıcdan çox uzun olan yolun son nöqtəsini qoyan toplantı oldu”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı isə 2019-cu il fevralın 20-də keçirilib.


Müəllif: Səxavət Həmid