Türkiyə heç kimə imkan verməyəcək ki, sərhədlərində terrorçu təşkilatlar formalaşsın və ərazilərinə terror saçılsın. Fikrimcə, Türkiyə Suriyada əslində öz ölkəsini, ərazisini və təhlükəsizliyini müdafiə edir, beynəlxalq terrorla mübarizə aparır. Azərbaycan xalqı da türk əsgərlərinin ölüm faktı ilə çox sarsıldı. Heç kəsə imkan verilməməlidir ki, türk əsgərini şəhid etsin və cəzasız qalsın.
Bu fikirləri Teleqraf.com-a DİP sədri Asim Mollazadə deyib.
Asim Mollazadə əlavə edib ki, türk əsgərlərinə silah qaldıranlara cəza veriləcək:
“Türkiyənin kifayət qədər gücü və ona dəstək verən müttəfiqləri var. Görürsünüz ki, İdlibdə baş verən məlum hadisədən sonra NATO və ABŞ Türkiyəyə öz dəstəyini ifadə edib. Əminəm ki, bu hərbi cinayəti törədən qüvvələr cəzalarını alacaqlar. Onlara dəstək verən Rusiya və İran Suriyada Türkiyəyə qarşı heç nə edə bilməyəcək. Baxmayaraq ki, Türkiyə istəyir ki, Rusiya ilə normal münasibətlər formalaşdırsın və əvvəlki formalaşdırılan razılaşmalara riayət edilsin. Çox təəssüflər olsun ki, Rusiya bunu etmədi. İdlibdə baş verən Əsəd ordusunun hərbi cinayəti isə cəzasız qalmayacaq və bunun cavabı veriləcək”.
Rusiya-Türkiyə münasibətlərinin perspektivini şərh edən Asim Mollazadəyə görə, Rusiya məsuliyyəti anlamalıdır:
“Həmçinin, Türkiyə Silahlı Qüvvələrinin gücünə ciddi yanaşmalıdır. Və bundan əvvəl əldə olunan bütün razılaşmaları həyata keçirməyə çalışmalıdır”.