1 Mart 2020 08:18
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə daxilində olan qaçqınlar üçün Avropa sərhədlərini açıb. Ötən günlərdə 18 minə yaxın suriyalı, iraqlı, əfqanıstanlı qaçqın Yunanıstan və Bolqarıstan sərhədlərinə axın edib. Daha 12 min qaçqının sərhədlərə axın edəcəyi gözlənilir. Avropa yeni qaçqın dalğası ilə faktiki üz-üzədir. Qeyd edək ki, hazırda Türkiyədə 3 milyondan çox qaçqın var və belə davam edərsə, 100 minlərlə qaçqının Avropaya doğru hərəkət edəcəyi ehtimal olunur.

İqtisadçı Natiq Cəfərli “Avropa yeni qaçqın dalğasının qarşısında necə davranacaq” sualını Teleqraf.com-a şərh edib.

İqtisadçı bildirib ki, əslində Türkiyənin bu addımı siyasidir:

“Türkiyə bu addımla Avropa Birliyindən dəstək, kömək və müəyyən problemlərin həllində iştirakını tələb edir. Ancaq ehtimal etmirəm ki, bu qaçqınlar bütövlükdə Avropa ölkələrinə yayılmağa nail olacaqlar, gedib Almaniya və ya Fransaya çıxa biləcəklər. Son məlumatlara görə, Bolqarıstan və Yunanıstanda artıq müəyyən çadır şəhərciklər hazırlanır. Gələnlərin burada yerləşdirilməsi və bəzilərinin geri qaytarılması ilə bağlı tədbirlər görüləcək. Yəni 10 minlərlə qaçqının üzünə sərhədi açıb onların Vyanaya qədər getmələrinə imkan verilməyəcək. İndiki şəraitdə bu, gözlənilən də deyil”.

Natiq Cəfərli əlavə edib ki, indiyə qədər Avropa Birliyi ölkələrinə nəzərə salanda görünür ki, Suriya, İraq, Əfqanıstan və Liviyadan gələn qaçqınlarla bağlı ciddi problemlərlə qarşılaşırlar:

“Birincisi, Avropa Birliyi ölkələrində yerli əhalinin qaçqınlara neqativ münasibəti getdikcə artır. Bu proses sürətlə gedir. Və bu fakt həmin ölkələrdə hakimiyyət dəyişikliyinə səbəb olur. Artıq bir sıra Avropa ölkələrində sağ mərkəzçi qüvvələr ya hakimiyyətə gələ bilib, ya da siyasətdə qabarıq formada önə çıxıblar. Bunlar onu göstərir ki, qaçqın məsələsi uzun müddət Avropanın əsas problemi olacaq və hətta siyasi səhnənin dəyişdirilməsində rol oynaya biləcək. Avropa Birliyi ölkələri məcburdurlar ki, problemin həllində daha yaxından iştirak etsinlər. Həm Suriyada, həm Liviyada, həm Əfqanıstanda, həm də İraqda siyasi sabitlik bərpa olunmalıdır ki, qaçqın axını dayansın. Söhbət Türkiyə-Avropa sərhədində qaçqın axınının önünü kəsməkdən də getmir.Adı çəkilən ölkələrdə sabitliyin bərpası, iqtisadiyyatın dirçəlməsi ilə bütövlükdə qaçqın axınının qarşısını köklü formada almaq mümkündür. Bunu bacarmasalar, Avropa qaçqın problemi ilə üz-üzə qalacaq və bu da Avropada siyasi səhnənin dəyişməsinə təsir göstərəcək. Əlbəttə, qaçqınların Avropa iqtisadiyyatına müsbət təsirləri də var. Məsələn, qaçqınlar yerli əhalinin etmədiyi ağır işlərdə çalışır, daha az əməkhaqqına qane olurlar. Amma problemə qlobal mövqeden baxanda qaçqınların Avropaya neqativ təsirləri görünür”.


Müəllif: Cavad

Oxşar xəbərlər