4 Mart 2020 09:14
2 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə həmsədr ölkələrdən olmasa da, ATƏT-in Minsk Qrupunun üzvüdür. Hesab edirəm ki, ötən gün Minsk Qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Türkiyəyə gələrək Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələr aparması, baş verən proseslərə dair məlumatlandırması təbii başa düşülməlidir. Yəni bu məsələnin heç bir halda gərginləşən Türkiyə-Rusiya münasibətləri fonunda qiymətləndirilməsi doğru olmazdı.

Bu fikirləri Teleqraf.com-a “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər edərək, Mövlud Çavuşoğlu ilə müzakirələr aparmasını şərh edərkən deyib.

Mehman Əliyev diqqəti bir fakta çəkib:

“Türkiyə Azərbaycan və Rusiya ilə enerji layihələrinə dair danışıqlar aparır. Bu fakt göstərir ki, Suriyada baş verənlərə baxmayaraq, siyasətdə və münasibətlərdə heç nə dəyişməyib. Bu mənada həmsədrlərin Türkiyəyə gedərək izahat işləri aparması normaldır. Əvvəla, Türkiyə Azərbaycanın əsas müttəfiqidir, Qarabağ məsələsində rəsmi Bakını prinsipial müdafiə edir. Odur ki, həmsədrlərin Türkiyə ilə məsləhətləşmələr aparması vacibdir. Unutmayaq ki, Türkiyə eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvüdür və bu proseslərin içindədir. Hesab edirəm ki, Ankarada baş tutan görüş normal haldır”.

Mehman Əliyev qeyd edib ki, Türkiyə bacardığı qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə töhvə verir:

”Türkiyə Ermənistanla sərhədlərini faktiki olaraq bağlayıb. Bu göstərir ki, ortada səbəb yalnız “soyqırım” məsələsi deyil. Yəni, sərhədlərin açılması münasibətlərin sağlamlaşdırılması və Qarabağ münaqişəsinin həllindən keçir. Türkiyə beynəlxalq təşkilatlarda və arenalarda Azərbaycanın mövqeyini müdafiə edir. Üstəlik nəzərə almaq lazımdır ki, Türkiyə bir növ Qafqaz ölkəsidir. Kiçik Qafqaz sıra dağları Türkiyə ərazilərinə qədər uzanır. Türkiyə Qafqaz ölkələri ilə sərhəddir, Ermənistan istisna olmaqla digər dövlətlərlə sıx əlaqələrə sahibdir, bu regionda maraqları var. Odur ki, Qarabağ münaqişəsinə dair həmsədrlərin Ankarada apardığı müzakirələrə təbii yanaşmaq lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər