Fərhad Abdullayev çıxışında plenumun işə baxmağa tam səlahiyyəti çatdığını bildirib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, iş üzrə maraqlı tərəf qismində MSK sədri və üzvləri yığıncağa dəvət olunublar:
"Sizə çıxış üçün tam şərait yaradılacaq. Hakimlərin sizə sualları olduqda xahiş edirəm, cavablandırasınız. İş üzrə ekspertlər dəvət olunub. İlk olaraq çıxış üçün söz məruzəçi hakim Rövşən İsmayilova verilir”.
Rövşən İsmayılov bildirib ki, Konstitusiya Mərhkəməsi qanunvericiliyə uyğun olaraq MSK-dan daxil olmuş sənədləri 10 gün ərzində yoxlayıb.
Daha sonra digər məruzəçi hakim Rafael Qvaladze çıxış edib.
O bildirib ki, Konstitusiya Məhkəməsi bunun üçün Bakı, Şəki, Gəncə və Şirvan Apelyasiya Məhkəmələrindən və Naxçıvan Ali Məhkəməsindən hakimləri işə cəlb edib:
“Konstitusiya Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsindən daxil olan məlumata görə, bu məhkəmə instansiyasına Mərkəzi Seçki Komissiyasının qərarından daxil olmuş 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan 15 iş üzrə iddia təmin edilməyib. Şirvan Apelyasiya Məhkəməsinə 20 ərizə daxil olub.
Şəki Apelyasiya Məhkəməsinin məlumatına görə, bu məhkəmə instansiyasına 3 iş üzrə ərizə daxil olub ki, onların baxılması mümkün sayılmayıb”.
Rafael Qvaladze qeyd edib ki, Ali Məhkəmə seçkinin nəticələri ilə bağlı ümumilikdə 78 işə baxıb:
“3 iş üzrə məhkəmə qərarları ləğv edilib. 9 iş üzrə kassasiya şikayətinin təmin edilməsi mümkün sayılmayıb. Ümumi qəbul edilmiş qərarlar protokolların nəticələrinə təsir göstərən hallar deyil”.
Daha sonra çıxış üçün söz MSK sədri Məzahir Pənahova verilib.
***
10:02
Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclas saat 10:00-da başlayıb.
İclasda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bütün üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və MSK-nın bütün üzvləri, MSK katibliyinin əməkdaşları, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edir.
İlk olaraq Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edir.