Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri özündən əvvəlkilərlə müəyyən qədər fərqləndi. Daha çox namizədin iştirak etməsi, informasiya dəstəyinin olması və müşahidəçinin cəlb edilməsi ilə yaddaşlarda qaldı”.
Bu fikirləri Teleqraf.com-a deputat Musa Quliyev Konstitusiya Məhkəməsinin seçkilərin yekun rəyini təsdiqləməsinə dair qərarına reaksiyası zamanı bildirib.
Deputat qeyd edib ki, istər seçkilərə hazırlıq və gediş dövürlərində, istərsə də rəsmi nəticələrdə şübhəsiz ki, favorit Yeni Azərbaycan Partiyası olub:
“Seçkiyə müxtəlif partiyaların namizədləri qatılıb. Ondan çox partiyanın namizədi seçkiləri qalib kimi başa vurub. Eyni zamanda, bitərəf praporsiyası da faktiki olaraq qorunub. Bu da onu göstərir ki, ölkəmizdə aparılan siyasət sabitdir. Parlamentdəki qüvvələr nisbəti də iqtidarın xeyrinə balansı qorumaqdadır. Bu da cənab Prezidentin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsinin, həmçinin, seçkilərin dinc və demokratikliyinin göstəricisidir”.
YAP-çı deputat seçkinin gedişində müəyyən prosedur qaydalarının pozulmasını təəssüflə qeyd edib:
“Bu hal da nəzərdən qaçmadı. Xüsusilə, seçki günündə pozuntu halları oldu ki, bu da alternativ namizədlər tərəfindən törədilən və sosial şəbəkələrdə qəsdlə şişirdilən mənzərə idi. Şəxsi qənaətim odur ki, bu seçkilərlə Azərbaycan demokratiyaya doğru bir addım atdı. Eyni zamanda hesab edirəm ki, Seçki Məcəlləsinə yenidən baxılması və ona müəyyən dəyişikliklərlə əlavələrin edilməsi zərurətini ortaya qoydu. Bütövlükdə seçkilər demokratik, insanların passiv seçki hüququnun tanınması şəraitində keçdi. Amma aktiv seçki hüququnun əvvəlki illərə nisbətən azalması da müşahidə olundu. Fikrimcə, bunu da qeyd etmək lazımdır. Ola bilsin ki, bu seçki günü hava şəraitinin soyuq olması və ya başqa səbəblərlə bağlı ola bilər. Hər halda bu da araşdırılmalıdır. Artıq Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi. Bütövlükdə xalqımızı təbrik edirəm və yeni parlamentin üzvlərinə uğurlar arzulayıram”.