5 Mart 2020 18:57
2 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər düşünürlər ki, Rusiya Türkiyə ilə İdlibdə anlaşarsa, o zaman Moskva regionda Türkiyə və Azərbaycanın maraqlarını prioritet qəbul edə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mövqelərində ciddi korrektələr edə bilər. Bu ehtimal Ermənistan cəmiyyəti və siyasətçilərini həmişə narahat edir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu da növbəti dəfə Qarabağla bağlı Azərbaycana verdiyi dəstək Ermənistanda etiraz yaratdı. Erməni mediası narahatlıqla yazır ki, Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara girərək, Qarabağın Azərbaycana qaytarılması istiqamətində müzakirələrə başlaya bilər. Sizcə, Türkiyənin bu yöndə Rusiya ilə gərgin danışıqlara başlayacağı ehtimalı nə qədər mümkündür?

- Ermənistanda mütəmadi olaraq belə məlumatlar yayılır. Ermənilər bütövlükdə Türkiyə ilə münasibətlərin pozulmasında maraqlıdır. Rusiya-Türkiyə münasibətlərinin inkişafı Ermənistanın maraqları çərçivəsində deyil. Bu baxımdan, ermənilər hər dəfə Rusiya-Türkiyə münasibətlərində gərginlik yarananda bundan sevinc hissi keçirirlər. Əksinə, bu münasibətlər normallaşmağa doğru gedəndə Ermənistan cəmiyyətinə fərqli mesajlar ötürülür.

Bu mesajlardan biri də, Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri olacağı və ya prosesdə daha aktiv şəkildə yer alacağı ehtimalı ilə bağlıdır. Bu da uzun müddətdir Ermənistan mətbuatında müzakirə edilir. Habelə, ermənilər düşünürlər ki, Rusiya Türkiyə ilə İdlibdə anlaşarsa, o zaman Moskva regionda Türkiyə və Azərbaycanın maraqlarını prioritet qəbul edə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mövqelərində ciddi korrektələr edə bilər. Bu ehtimal Ermənistan cəmiyyəti və siyasətçilərini həmişə narahat edir.

- Ümumiyyətlə, hesab etmək olarmı ki, geosiyasəti çərçivəsində Türkiyənin bir geosiyasi faktor kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planı var?

- Qlobal bir planın olduğunu və ya Qarabağla bağlı xüsusi bir strategiyanın hazırlandığını düşünmürəm. Çünki ortalıqdakı mənzərə aydındır: Dağlıq Qarabağ münaqişəsinin həlli - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktoru bu gün regionun əsas güc mərkəzi olan Rusiyadan asılı olan məsələdir. Rusiya bu məsələdə neytral mövqedə dayanmayacağı təqdirdə, münaqişənin həllinə nail olmaq çətin olacaq. Türkiyə də bunu yaxşı başa düşür.

Yəni bununla bağlı Türkiyənin xüsusi strategiyasının olduğunu düşünmürəm. Amma Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə atdığı addımlar Türkiyə tərəfindən dəstəklənir. Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin və diplomatik fəaliyyətlərinin daha da güclənməsində maraqlı olduğunu deyə bilərik. Hesab edirəm ki, Türkiyə bu məsələdə daha çox Azərbaycanın plan və strategiyasına söykənərək, bir dəstək mərkəzi kimi çıxış edir, nəinki müstəqil şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atır.

- Bu kontekstdə gündəmə gələn digər bir məsələ Naxçıvanda türk hərbi bazasının qurulması ilə bağlıdır. Buna ehtiyac varmı, belə bir addımın Azərbaycan üçün müsbət və mənfi tərəfləri nələrdir?

- Bildiyimiz kimi, Türkiyənin Naxçıvan üzərində qarant dövlət kimi hüququ var. Bu, Qars Müqaviləsi ilə təsdiq olunan hüquqdur. Beynəlxalq müqavilələrdə təsbit olunan hüquqlar, o dövlətlər süquta uğradıqda belə onların varisləri tərəfindən yerinə yetirilir. Yəni bu prinsipial bir məsələdir. Məsələnin digər tərəfinə gəlincə, bu gün Naxçıvan Əlahiddə Qoşunları mövcuddur, kifayət qədər potensialı və gücü olan bir qoşundur. Müasir silah-sursatla təmin olunub, radio-texniki bazası da kifayət qədər güclüdür.

Naxçıvan Türkiyə ilə sərhəddə yerləşir və Türkiyənin bu bölgə yaxınlığında yerləşən Qarsda kifayət qədər ciddi hərbi potensialı var. Yəni bu qüvvələrin xüsusi olaraq Naxçıvanda dislokasiya edilməsinə ehtiyac yoxdur. Amma əgər hansısa formada təhlükə və ya ehtiyac yaranarsa, Azərbaycan Silahlı Qüvvələri, eyni zamanda onun tərkib hissəsi olan Naxçıvan Əlahiddə Qoşunları Türkiyə Silahlı Qüvvələri ilə vahid mövqedən çıxış edə bilərlər.

- Türkiyənin Azərbaycana müttəfiq münasibəti Dağlıq Qarabağ münaqişəsində mövqeyi bəlli olan Rusiyanın Azərbaycana yönəlik hərəkətlərində ehtiyatlı davranmağa sövq edən faktor ola bilirmi?

- Düşünmürəm. Bununla belə, Rusiyada yaxşı başa düşürlər ki, Türkiyə və Azərbaycan qardaş dövlətlərdir, ortaq bir tarix, ortaq bir mədəniyyətləri və ortaq milli kimlikləri var. Azərbaycanlıların ürəyindən Türkiyə sevgisini silib atmaq mümkün deyil. Düşünürəm ki, Rusiyada bu reallığı qəbul ediblər. Əlbəttə Türkiyənin regiona təsir imkanlarının güclənməsi Rusiyanın maraqlarına uyğun deyil. Rusiya çalışır ki, bu kimi məsələlərdə Türkiyəni müəyyən bir məsafədə saxlasın.

Amma gələcəkdə qarşılıqlı əməkdaşlıq formatı tapılarsa, belə bir əməkdaşlıq formatının tapılması istiqamətində müəyyən fikirlər səsləndirilmişdi və addımların atılacağı gözlənilirdi, bu, Azərbaycan-Türkiyə-Rusiya formatıdır, perspektivdə belə bir formatın yaranması üç dövlət arasında münasibətlərin inkişafına töhfə verə bilər, qarşılıqlı iqtisadi əlaqələri gücləndirə bilər, gələcək münasibətlərin inkişafı üçün ciddi baza rolunu oynaya bilər. Yəni perspektiv var.

Azərbaycan üçün Rusiya-Türkiyə münasibətlərinin inkişafı və normal məcrada yaxınlaşmasında maraqlıdır. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, Rusiya isə strateji və vazkeçilməz tərəfdaşıdır. Çünki regiondakı proseslər, tarixi ənənələr, qonşuluq Azərbaycanın Rusiya ilə münasibətlərdə yaxın olmasına zəmin yaradır. Bu baxımdan, Rusiya və Türkiyə arasındakı münasibətlərin inkişafı Azərbaycanın maraqları çərçivəsindədir. Düşünürəm ki, Rusiya-Türkiyə münasibətlərinin yenidən normal məcraya qayıtması üçün kifayət qədər perspektivlər var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər