6 Mart 2020 12:58
16 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Moskvada Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən görüşdə kövrək atəşkəsə nail olundu. Astana və Soçi razılaşmalarında nəzərdə tutulmuş Əsəd rejiminin İdlibdən geri çəkilməsinə, İdlibin Azad Suriya Ordusunun təsir dairəsində olmasına dair qərarlar yenə də yerinə yetirilmədi. Faktiki olaraq, Rusiyanın təkidi ilə Bəşər Əsəd ordusunun İdlib üzərindəki suverenliyi qəbul edildi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bundan başqa M-5 yolu üzərindəki nəzarət də Rusiya və Bəşər Əsəd rejiminin təsiri altına düşdü:

“Yalnız M-4 yolu, yəni İdlibin cənub istiqamətindəki Azad Suriya Ordusu ilə digər müxalif qüvvələri əlaqələndirən hissə Türkiyə ilə Rusiyanın birgə nəzarəti, birgə patrul reydlərinin keçirilməsi üçün qaldı”.

Politoloq bildirib ki, atəşkəs rejimi müsbət haldır, amma Suriyada davamlı atəşkəsin və sülhün təminatı üçün hələ Rusiya və Türkiyənin razılaşması yetərli deyil:

“Suriya ərazisində ABŞ qoşunları da var. Özü də bunlar koalisiya adı altında əsasən, bir neçə Qərb ölkəsinin qoşunlarıdır. Suriyada BMT-nin xüsusi nümayəndəsi var. Yəni, Suriyada davamlı sülhə nail olmaq üçün bu qüvvələrlə də razılaşmaq lazımdır. Rusiya açıq-aşkar bəyan edir ki, o, Suriyanın “legitim hakimiyyətinin” razılığı ilə burada yerləşən yeganə ölkədir. Rusiya hesab edir ki, digər ölkələr qeyri-legitim olaraq Suriya ərazisinə daxil olublar və deməli çıxmalıdırlar. Yəni, Rusiya hər dəfə şərtləri ağırlaşdırır. Hər dəfə yeni tələblər irəli sürür”.

Qabil Hüseynli qeyd edib ki, əldə edilmiş kompromisi qəbul etmək lazımdır:

“Çünki Türkiyəyə Rusiya ilə qarşı-qarşıya gəlmək sərf etmir. Amma bu kompromis – atəşkəs sazişinin imzalanması da prinsipial xarakter daşımır. Yəni, tərəflərin bütün maraqlarını özündə ehtiva etmir. Rusiya min kilometrlərlə uzaqlıqdan gələrək, Suriyada diqtə edə bilir, amma Suriya ilə 822 kilometr uzunluğa malik Türkiyə Suriyada onun təhlükəsizliyini təhdid edən qüvvələri ram etmək üçün möhkəm istinad nöqtəsi yarada bilmir. Dünən Moskvada əldə olunan razılaşma da buna hələ tam deyil, qismən imkan verəcək”.

Politoloq onu da bildirib ki, Türkiyə-Rusiya ilə atəşkəs sazişini imzaladı, amma bu sazişin ömrünün nə qədər uzun olacağını söyləmək çox çətindir:

“ABŞ artıq bu gün atəşkəs haqqında razılaşmanı şübhə altına alan bəyanat verdi. Bu o deməkdir ki, Suriya Rusiyanın qoruğu deyil və BMT-dən kənarda əldə edilmiş hər hansı saziş isə hüquqi qüvvəyə malik deyil. Ona görə də mən bunu kövrək bir saziş adlandırardım”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər